İranda məşhur reperə ölüm cəzası kəsildi
Musiqiçi 2022-ci ilin oktyabrında etirazçılara açıq şəkildə dəstək verib
İran İslam İnqilabı Məhkəməsi ölkədə hökumət əleyhinə etirazları dəstəkləyən məşhur 33 yaşlı reper Tumaj Salehi ölüm cəzasına məhkum edib.
"Reuters" xəbər verir ki, musiqiçi ilk dəfə 2022-ci ilin oktyabrında etirazçılara açıq şəkildə dəstək verən, o cümlədən bu barədə mahnılar yazdıran zaman saxlanılıb. Onun həbsi dərhal həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə diqqət cəlb edib və reperin azad edilməsi tələblərinə səbəb olub.
2023-cü ildə reper 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin Ali Məhkəmənin apellyasiya şikayətinə cavab olaraq, "əvvəlki hökmdə qüsurlar" olduğu aşkar edildikdən sonra noyabrın 18-də sərbəst buraxılıb.
Onun işi yenidən araşdırılması və baxılması üçün aşağı instansiyalı məhkəməyə göndərilib.
T.Salehi 2023-cü ilin noyabr ayında girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılıb.
Lakin daha sonra bir videoda ictimaiyyətə həbsxanada işgəncələrə məruz qalması barədə danışdığına görə yenidən həbs olunub.
24 aprel 2024-cü ildə reperin vəkili Əmir Rəisyian İranın "Şərq" qəzetinə bildirib ki, İsfahan inqilab məhkəməsinin birinci şöbəsi reperi ölüm cəzasına məhkum edib. O, hələ qanuni qüvvəyə minməmiş hökmdən mütləq apellyasiya şikayəti verəcəyini vəd edib.
İranda kütləvi etirazlar və iğtişaşlar 2022-ci ilin sentyabrında əxlaq polisi tərəfindən hicabın “düzgün” geyinilməsinə görə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb. Tələbə həbs olunduqdan az sonra dünyasını dəyişib. Hüquq müdafiəçilərinin sözlərinə görə, o, polis bölməsinə aparılarkən ağır kəllə-beyin travması alıb. Səlahiyyətlilər ölümün səbəbinin infarkt olduğunu bildirib. Etirazlar bir neçə ay davam edib, qarşıdurmalarda yüzlərlə insan həlak olub. Bir çox etirazçı həbs olunub və edam edilib.