İranın Fars vilayətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitlərinə qarşı silahlı hücum baş verib. Nəticədə bir zabit həlak olub, üçü isə yaralanıb.
İran mətbuatı xəbər verir ki, zabitlərə atəş yoldan keçən avtomobildən açılıb. Atəş açanlar dərhal hadisə yerindən uzaqlaşıblar. Xüsusi xidmət orqanları əməliyyat tədbirləri keçirməyə başlayıb.
Qeyd edək ki, ötən ilin sentyabrından başlayaraq İranın bütün şəhərlərində kütləvi aksiyalar keçirilir. Son aylar aksiyalar səngiyib. Lakin polisə və xüsusi xidmət orqanlarının zabitlərinə qarşı silahlı hücumlar davam edir.
İranın Sistan-Bəlucistan, Fars, Yəzd, İsfahan və digər vilayətlərində də polis və xüsusi xidmət orqanlarının zabitlərinə qarşı ölümlə nəticələnən silahlı hücumlar olub. Fevralda Zahedan şəhərində polis idarəsi atəşə tutulmuşdu, nəticədə bir polis əməkdaşı yanaraq həlak olmuşdu.