İranda su qıtlığı kritik həddədir
Ölkənin ikinci böyük şəhəri sayılan Məşhəddə bəndlərin doluluq nisbəti 3 faizdən aşağı düşüb
İranda su çatışmazlığı kritik həddə çatıb, ölkənin ikinci ən böyük şəhəri olan Məşhəddə bəndlərin doluluq nisbətinin 3 faizdən aşağı düşdüyü bildirilir.
Məşhəd Su və Kanalizasiya Şirkətinin baş meneceri Hüseyn İsmayılıyan məsələ ilə bağlı məlumat verib: "Məşhəd bəndlərindəki su ehtiyatları hazırda 3 faizdən aşağı düşüb. Soyuq mövsümdə su istehlakı nisbətən aşağı olsa da, mövcud şərait suyun qənaətinin artıq yalnız tövsiyə deyil, zərurət olduğunu göstərir".
Ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərinin əhalisi təxminən 3 milyondur. Hər il təxminən 20 milyon insan Əhli-Beytin səkkizinci imamı İmam Rzanın ziyarətgahını ziyarət etmək üçün şəhərə gəlir.
İran Quraqlıq Böhranının İdarəetmə Mərkəzi növbəti 10 gün ərzində ölkə miqyasında effektiv yağış gözlənilmədiyini açıqlayıb.
Bu arada, ölkənin digər böyük şəhər olan Kərəcdəki su anbarının tutumu 8 faizə düşüb.
Kərəc bəndinin direktoru Əli Muallem bildirib ki, bənddəki su ehtiyatları 8%-dir. Bu miqdarın əksəriyyəti ölü boşluqdan ibarətdir və istifadə edilə bilməz.
İran Prezidenti Məsud Pezeşkian noyabrın 7-də verdiyi açıqlamada paytaxt Tehranda su böhranına toxunaraq deyib: "Yağış yağmasa, gələn aydan etibarən Tehranda su məhdudiyyətləri tətbiq etməli olacağıq. Bundan sonra yağış yağmasa, suyumuz olmayacaq və Tehranı tərk etmək məcburiyyətində qalacağıq".
1 dəqiqə