İrandakı konsulluğumuza qarşı təxribat
Bu barədə Güney Azərbaycan telegram kanalı məlumat yayıb
Azərbaycanın Təbrizdəki konsulluğunun qarşısında aksiya keçirilib. Aksiya iştirakçıları Azərbaycanın İsraildə səfirlik açmasına etiraz edib.
Aksiya iştirakçılarının kim olduğu və kim tərəfindən təşkil edildiyi bilinmir. Hüquq-mühafizə orqanları diplomatik nümayəndəliyin qarşısında keçirilən aksiya ilə bağlı heç bir tədbir görməyib.
Təxribatçılar Təbrizdəki Azərbaycan konsulluğunun bağlanması tələbi ilə şüarlar səsləndirib.
Qeyd edək ki, martın 29-da İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirilib.
2022-ci ilin sonunda Milli Məclis Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib. Noyabrın 26-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiqləyib. Prezident İlham Əliyevin yanvarın 11-də imzaladığı sərəncamı ilə Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfir təyin edilib. M.Məmmədov bu il martın 26-da etimadnaməsini İsrail Prezidenti İsxak Hersoqa təqdim edib.