XƏBƏRLƏR / Münaqişə

İrandan əcnəbilər Azərbaycana təxliyə olunub

YENİLƏNİB

İrandan əcnəbilər Azərbaycana təxliyə olunub
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 14:00

    “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İrandan gələn və müxtəlif ölkələrdən olan xarici vətəndaşların təxliyəsi fasiləsiz olaraq həyata keçirilir. Bu gün təxliyə olunanlar arasında ABŞ, Rusiya, Ukrayna və İtaliyadan olan şəxslər də var.

    Hər bir vətəndaşın sənədləri yoxlanılıb və ayrılmış nəqliyyat vasitələri ilə Bakı istiqamətində yola salınıb.

    Rusiya Federasiyasının İran İslam Respublikasındakı səfirliyinin 20 nəfərə yaxın əməkdaşı və ailə üzvləri Azərbaycana təxliyə olunub.

    Təxliyə olunanlardan biri də ABŞ vətəndaşı xanım Simin Emiliedir. O deyib: “Mən milliyyətcə iranlı olan Amerika vətəndaşıyam. Azərbaycana gəlməyimə çox şadam. Nənə və babamın azərbaycanlı olduğunu söyləmək mənim üçün şərəfdir. Onlar Bakıda doğulublar. Buna görə də Azərbaycanda olmaq doğrudan da məni çox xoşbəxt etdi”.

    Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçidlə öz ölkələrinə qayıtmalarına yardım göstərilməsini xahiş ediblər.



    ***

    12:37


    Bu gün səhər saatlarından 20 nəfərə yaxın Ukrayna vətəndaşı İrandan Azərbaycana təxliyə olunub.

    Təxliyə qarşılıqlı razılaşmaya əsasən həyata keçirilir. "Astara" dövlət sərhədinin buraxılış məntəqəsindən keçən əcnəbi vətəndaşlar sərhədçilərin müşayiəti ilə qarşılanır.

    Hər bir əcnəbi çay süfrəsinə dəvət olunur və zərurət olarsa hazır vəziyyətdə gözləyən həkim briqadası tərəfindən ilkin yardım göstərilir.

    Səhər saatlarından etibarən kiçik qruplar halında əslən İrandan olan ABŞ və digər ölkə vətəndaşları, eləcə də 20-ə yaxın Ukrayna vətəndaşı da təxliyə üçün buraxılış məntəqəsinə daxil olublar.

    Onların bildirdiyinə görə, səhər olmasına baxmayaraq, İran tərəfdə hələ keçidi gözləyən insanlar çoxdur.