BLOQ

İranın Almaniyadakı səfirini Təbriz təyin edir?

Məcid Nili Şərqi Azərbaycan qubernatoru Bəhrəm Sərməstlə görüşüb

İranın Almaniyadakı səfirini Təbriz təyin edir?
Solda: Məcid Nili
  • Oxuma müddəti:

    5 dəqiqə

  • İran Berlindəki səfirini dəyişib. Yeni səfir Məcid Nili əvvəl Tehranda lazımı rəsmi sənədləri imzalayıb. Sonra qəfil Təbrizə gələrək Şərqi Azərbaycan qubernatoru Bəhrəm Sərməstlə görüşüb. İranının rəsmi “Səda və Sima” (İRİB) saytında görüşün fotoşəkilləri, qısa mətni ilə tanış ola bilərsiniz.

    Görüş çox əhatəli olub.  Almaniyadakı azərbaycanlılar mövzusu ayrıca işarələnib.

    Qubernator qeyd edib: “Tarix boyu Azərbaycanı, Təbrizı Almaniya ilə geniş əlaqə telləri bağlayıb. Təbriz Ticarət-Sənaye palatası İranda ən iri vergi ödəyicisidir. Tərkibində xarici kapital da var. İranda bunun təktrarını başqa heç yerdə görə bilməzsiniz”. Sonra qubernator lap dərinə gedib. Deyib: “Bizim Ticarət və Sənaye palatamız Almaniya ilə əlaqələrin, iqtisadi bağlantıların baş darvazası ola bilər”.

    İndi gəlin bu xəbərləri deşifrələyək.

    Qacarlar dövründə İran iki paytaxtlı idi. Xarici nümayəndəliklər, səfirliklər həm Təbrizdə idi, həm də Tehranda.

    Vəliəhd Təbrizdə, Bağmeşədəki iqamətgahında əyləşərdi, şah isə Tehranda.

    Səfir Məcid Nilinin Tehrandan sonra Təbrizə getməsi, deyəsən bax bu köhnə Qacar, Səfəviyyə ənənəsini bərpa etmək cəhdidir.

    Məcid Nili Təbriz Ticarət-Sənaye palatasının bir növ nümayəndəsi olacaq Almanayada.

    Almaniya ilə əlaqələr, xüsusən iqtisadi sahələrdə, Təbrizin ixtiyarına veriləcək.

    Beləliklə, indiyədək siyasi, milli sahələrdə Azərbaycana, Təbrizə heç bir haqq tanımayan Tehran hakimiyyəti bir addım geriyə çəkildi. “Təbriz Sənaye və Ticarət palatası”na müəyyən imtiyazlar verdi.

    Almaniya ilə iqtisadi əlaqələr indi Təbrizə verilir.

    Tarix boyu, razıyam, Təbrizin məhz Almniya ilə əlaqələri möhkəm olub. Ancaq bircə yalnız iqtisadiyyatı əhatəlməyib. Səttarxan hərəkatını vaxtilə təkcə Lenin yox, Almaniya Sosial-Demokrat Partiyasının rəhbəri Karl Kautski ilk növbədə müdafiə edib. Ayrıca məktub yazıb Səttərxana. Dəstəyini, köməyini nümayiş etdirib. Sonralar Pişəvərinin Azərbaycan Demokrat Firqəsi təkcə Bakının, Moskvanın çətiri altında fəaliyyət göstərməyib. Şərqi Almaniyadan, Drezden ilə Leypsiqdən də idarə olunub. Erik Honekker İran kommunistlərinin məhz Təbriz qolunu -Təqi Ərani xəttini maliyyələşdirib. Bu xəttin “Dünya” dərgisini uzun fasilədən sonra Drezdendə çapını bərpa edib. Şərqi Almaniya sosialistlərinin lideri bu Erik Honekker bu Təbriz siyasətində özbaşına olmayıb. Karl Kautskinin Səttarxana verdiyi vədləri, sadəcə, davam etdirib.

    Məsud Pezeşkian Təbrizin bu qədim əlaqə tellərinə bilərəkdən yeni məzmun verir. Almaniya sosial-demokratları ilə siyasi, iqtisadi dialoqu bu dəfə Təbriz Sənaye və Ticarət Palatasına verir. Ənənəni bərpa edir. Yəni, Təbrizə siyasi, milli azadlıq verməsə də, müəyyən iqtisadi azadlıq vermək istəyir.

    İki həftə əvvəl Rusiya Federatsiyasından Təbrizə böyük biznes nümayəndə heyəti gəlmişdi. Qubernator Bəhrəm Sərməst rus kapitalına Təbrizdə geniş imkanlar vəd edib.

    İranın Almaniyadakı yeni səfiri Məcid Nili öz etimadnaməsini, gördüyümüz kimi, əvvəl Təbrizdə təsdiqlədib. Sonra Berlində təsdiqləyəcək.

    Görünür, Almaniyadakı təbrizlilərin, Azərbaycan türklərinin müstəqilliyi artıq Tehranı qorxudur. “Dünya Azərbaycanlıları Konqresi”nin (DAK) Almaniyadakı nüfuzu, görünür, Tehran üçün artıq qorxulu mərhələyə keçib.

    Cavab tədbiri hazırlanıb.

    Ssenari deyəsən qalındır.

    P.S. Rusiya ilə Almaniyadan sonra Təbriz mövzusuna Astanadakı Beynəlxalq Türk Akademiyası da cavab verib.

    Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayevin ikicildlik “Təbriz livasının müfəssəl dəftəri” kitabının təqdimatı keçirilib.

    Bu barədə AZƏRTAC-məlumat veriir.

    Vacib detalları gözümüzdən qaçırmayaq. Necə deyərlər şeytan…yox…həqiqət detallardadır.

    Hər üç xəbər rəsmiləşdirilib. Mətbuatda hallandırılıb. Rəsmi xəbər agentlikləri tərəfindən tirajlanıb. Osmanl arxivlərindəki 18-ci əsrin ilk rübünə aid Təbriz vergi dəftərləri elm və ictimaiyyətin diqqətinə çatdırılıb. Kitabın üz qabığı subliminal mesajlarla zəngindir. Burada “Təbriz, Ərk qalası, Bakı Osmanlı sultan möhürü” alt-alta düzülüb.

    Alimə, necə deyərlər, bircə işarə də bəsdir. Təbriz mövzusu yenidən gündəmə qayıdır. 

    Bakı buna hazırdırmı?