BLOQ

Solmaz müəllimə!

Azərbaycan alimi, tarix elmləri doktoru, professor Solmaz Tohidinin 70 yaşı tamam olur

Solmaz müəllimə!
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Hörmətli Solmaz müəllim!

    Bu gün 70 illik yubileyinizi qeyd etmək fürsətinə sahib olmaq mənim üçün böyük şərəfdir. Şahidiyəm ki, ömrünüz boyu gördüyünüz işlər tarixə işıq salır. Həm indiki, həm də gələcək nəsillər sizin yaradıcılığınızdan bəhrələnir və bəhrələnəcəklər.

    Sizin kimi dəyərli tarixçinin bizim üçün yaratdığı mədəni irs, bilik sərvəti təkcə bu gün deyil, gələcəkdə də öz əhəmiyyətini qoruyacaq. İllər boyu milli tariximizə olan sevginiz, başda Məhəmməd Əmin Rəsulzadə olmaqla, Şərqdə ilk yaranan Azərbaycan Demokratik Respublikasının siyasi, ictimai və mədəni mirasını araşdırmağınız, o dövrün çətin və qalmaqallı tarixini yazarkən göstərdiyiniz dəqiqlik, qərəzsizlik və vicdan, yalnız böyük Alimə xas olan xüsusiyyət sizi dünya miqyasında hörmətli və tanınmış professor etdi. Uğurlarınızın arxasında duran səbr, nizam-intizam və araşdırma ehtirasınız bizə tarixin əhəmiyyətini bir daha da aydın etdi və inşallah, gələcək səhvlərdən qoruyacaq.

    Bir çox tələbə nəsillərini ruhlandıran və onları tarixə olan həvəslərini kəşf etməyə həvəsləndirən bir pedaqoq kimi tarixin gələcək nəsillərə çatdırılmasında verdiyiniz töhfələr təqdirəlayiqdir.

    Hörmətli Solmaz müəllim!

    Bu əlamətdar gündə sizə cansağlığı, xoşbəxtlik və sülh arzulayıram. Ümid edirəm ki, keçmiş uğurlarınız gələcək işlərinizdə sizi daha da ruhlandıracaq.

    Bir daha təbrik edir və ən xoş arzularımı bildirirəm.

    Böyük hörmət və dərin məhəbbətlə,

    Sizin Vahid Mustafa yev