BLOQ

İranın əbədi qalibi - Məşədi İbad

İranın əbədi qalibi - Məşədi İbad
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Növbəti İran inqilabının duası da, gülməyin bəri başdan, yenə də Üzeyirinkidir, yenə də əvvəlkidir: Bir kəllə qənd, üç manat pul, bir bəstəkar, bir rejissor, vəssəlam, şod tamam".

    İranda inqilab istəyirsinizsə, Üzeyir dühasını təkrarlayın.

    "Məşədi İbad" ilə "Arşın mal alan" komediyalarının yeni İran siyasi reallıqları ilə musiqili tamaşasını təşkil edin.

    Üzeyir bunu etdi.

    Bəs siz?

    Cəlilin "Ölülləri"ni də unutmayın. Axundovun "Dərviş Məstəlişah"nı müasir raket mütəxəssisləri simasında səhnələşdirin.

    Mədəni müharibə bizimçün odlusundan əhəmiyyətlidir bu gün.

    Hambalpulunu da çaşıb unutmayasınız ha...

    Yuxarıdakı bədii ricətdən sonra fikirlərimi və qaşlarımı, nitqimi Rüstəm bəy kimi ciddiləşdirirəm. Demək, belə:
    Pəhləvi sülaləsi, bəli, bütün gücənmələrinə baxmayaraq, hakimiyyətə qayıtmaya da bilər.
    Ancaq, Pəhləvilərin "Ariana, Aryamehr" ideologiyası çoxdan indiki İranın bir başqa, belə deyək, "ikinci ideologiyasıdır".
    Şah qayıtmasa da, bu ideologiya çoxdan qayıdıb İrana.
    Bu səbəbdən, bizim-Şahənşahla vuruşan Azərbaycan Demokrat Firqəsi, Tudə təcrübəmizə indi böyük təlabat var.
    O vaxtkı siyasi toqquşmalar da indiki kimi üzdə yox, gizlindəydi.
    Həbslər, qətllər, xüsusən xaricdə oğurlanıb İrana gətirilmək kimi dedektiv süjetlər hə...o vaxt da vardı. Ancaq, aldadıcı idi.

    Gizli danışıqlar olurdu o vaxtlar, siyasi qüvvələr arasında. Bu da girov istəyir. Qarşı tərəf öz girovunu təklif edirdi - üzdə görüntü yaradırdılar ki, hə, filankəs oğurlanaraq İrana gətirilib və s. və ilaxır. Əslində isə bu müttəhim Evin qazamatının lüks kamerasında keyfdəydi. Yuxarı dairələrlə gizli danışıqları təmin edən girovdu. Edamlar da yalançıydı. Əslində, heç kimi öldürmürdülər. Ya dəyişirdilər, yaxud estetik əməliyyatdan çıxarıb başqa görkəmdə ölkədən çıxarırdılar.

    Oxşar fəndləri mən indiki İranın son üç şübhəli hadisəsində görürəm.
    1. 2020-ci il. Əlirza Əkbərinin-üst rütbəli Müdafiə nazirinin həbsi, deşifrə edilməsi. Edamı.
    2. 2019-cu il. "Tondar" şahpərəst rəhbəri Cəmşid Şərməhdinin guya oğurlanaraq İrana gətirilməyi. Saxta istintaq, saxta edam.
    3. Qasem Süleymaninin müəmmalı qətli.
    Sonuncu, İsrailin "Yalançı bayraq" filminə inansaq, əslində oğurlanıb. Yaxud könüllü keçib müxalifət düşərgəsinə. Şeyx Nəsrullah kimi hər an yeni cilddə, yeni məzmunda "zühüru" mümkündür.

    Hə...Şah dövründəki SAVAK rəhbərlərinin hamısı eyni ssenari ilə ya ölürdü, ya düşmən tərəfinə keçirdi, ya qaçırılırdı...Yəni, bizim sənətdə, teatrda qoyduğumuz "O olmasın, bu olsun" ssenarisi Tehranda həmişə siyasi məzmunlu olub. Komediya yox, tragediya janrında reallaşdırılıb.

    Sadaladığım hər üç hadisə arasında ciddi əlaqə telləri mövcuddur.
    Gəlin, birini - Cəmşid Şərməhd komediyasını azca demontaj edək. Niyə? Çünkü İranda nə baş verdiyini bilmək istəyirsənsə, gərək mütləq rəsmi versiyanı xüsusi dekontruksiya edəsən.

    Keçək dedallara.

    Bu yaxınlarda İranda guya həbs edillmiş qatı Arianaçı - "Tondar", yəni "ildırım" təşkilatı başçısı Cəmşid Şərməhd olayı dediklərimi bir daha təsdiqləyir.
    Məncə, Cəmşid Şərməhd, əslinə qalsa, oğurlanaraq İrana gətirilməmişdi.
    Əslində bu b.hanə ilə İrana sızdırılmışdı.
    Zindandakı lüks hücrəsindən liberalları təlimatlandırırdı.

    Abdullahianın Ermənistanda elan etdiyi "Hindistan+İran+Ermənistan" qövsünün, yəni xəyali Ariananın bir ucu da gedib çıxırdı bax bu şah nümayəndəsinə.

    "O olmasın, bu olsun" bizdə həmişə pərdəönündə ifa edilsə də, İranda tərsinədir.
    Bu əbədi MƏŞƏDİ süjeti İranda çoxsaylı tamaşaçıların çox saylı xahişi ilə həmişə pərdəarxasında oynalınıb. Bizdə isə pərdə önündə.
    O Üzeyr dühasındandır ki, bu əbədi tamaşa, axır, pərdəarxasından pərdəönünə, səhnəyə çıxdı. Hələ bir öz musiqisini də qazandı. İranda bu tamaşa hələ də Gülnazı yox, hakimiyyəti qazanmaq məzmunludur. Estetikaya yox, gizli diplomatiyaya qulluq edir.

    Bizdə Məşədi İbad uduzub həmişə. Sərvərlər udub.
    İranda isə Əbədi qalib həmişə Məşədi İbaddır. Bir də qoçu Əsgər.
    Gülnaz, Rüstəm bəy, qəzetçilər və digərləri, həmişə uduzan və udqunandır.
    Bu qədər bəsit.
    P.S. İran xəbərlərini həmişə iki tərcümədə vermək lazımdı - birinci, hərfi, yəni linqvistik, digəri isə falçı, yaxud semantik, semiotik tərcümədə. Burada həmişə iki tərcüməçiyə ehtiyac var. Bəlkə hələ üçüncüsünə də.

    İranda inqilab istəyirsinizsə, Üzeyir dühasını təkrarlayın.
    "Məşədi İbad" ilə "Arşın mal alan" komediyalarının yeni İran siyasi reallıqları ilə musiqili tamaşasını təşkil edin.

    Üzeyir bunu etdi.

    Bəs siz?

    Növbəti İran inqilabının duası da, gülməyin bəri başdan, yenə də Üzeyirinkidir, yenə də əvvəlkidir: Bir kəllə qənd, üç manat pul, bir bəstəkar, bir rejissor, vəssəlam, şod tamam".