XƏBƏRLƏR / Qonşular

İranın ölkəmizdəki səfiri Araz Azad Ticarət Zonasınında olub

İran və Azərbaycan arasında birgə azad ticarət zonasının yaradılması əməkdaşlığın artmasına şərait yarada bilər FOTO

İranın ölkəmizdəki səfiri Araz Azad Ticarət Zonasınında olub
  • Oxuma müddəti:

    2 dəqiqə

  • İran və Azərbaycan arasında birgə azad ticarət zonasının yaradılması iqtisadiyyat, texnologiya, kənd təsərrüfatı, sənaye və logistika sahələrində mübadilələrin artmasına şərait yarada bilər.

    Bunu İranın Araz Azad Ticarət Zonasının icra direktoru Hadi Moqəddəmzadə İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ilə iki ölkə arasında iqtisadi, ticarət və investisiya əməkdaşlığının inkişafı yollarının müzakirəsi məqsədilə keçirilən görüşdə bildirib.

    Onun sözlərinə görə, Araz Azad Ticarət Zonası Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və İpək Yolu kimi mühüm beynəlxalq keçidlərin kəsişməsində yerləşir. Bu zona İran və Qafqazın iqtisadi inkişafında, həmçinin İran və Azərbaycan arasında sənaye, kənd təsərrüfatı və iqtisadi mübadilələrin genişlənməsində mühüm mərkəzə çevrilmək potensialına malikdir.

    Moqəddəmzadə qeyd edib ki, Araz Azad Ticarət Zonasında Azərbaycan və Türkiyə vətəndaşlarının investisiyası ilə çoxsaylı sənaye müəssisələri fəaliyyət göstərir. Onun sözlərinə görə, zona regional dost və qardaş ölkələrin investorlarını tam dəstəkləyir və bütün yerli və xarici investorları Araz Azad Ticarət Zonasının imkanlarından istifadə edərək investisiya qoymağa dəvət edir.

    Görüş zamanı İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu da Araz Azad Ticarət Zonasındakı inkişaf prosesindən məmnunluğunu ifadə edib və bu zonanı ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı üçün əsas mərkəzlərdən biri adlandırıb.

    İran səfiri əlavə edib ki, Araz Azad Ticarət Zonasının Azərbaycan bazarları ilə logistika və sənaye imkanlarının birləşdirilməsi iki ölkə arasında ticarət dövriyyəsinin artmasında önəmli paya sahib ola bilər.