İrəvan Bakının tələb etdiyi 4 kənd barədə açıqlama verdi
Ermənistanın baş naziri Nikol Paşinyan delimitasiya prosesinin Tavuş bölgəsindən başlayacağını istisna etmir
Ermənistanın müdafiə naziri Suren PapikyanAzərbaycanın tələb etdiyi 4 eksklav olmayan kəndlə bağlı məsələyə münasibət bildirib.
Ermənistan KİV-i xəbər verir ki, S.Papikyanın sözlərinə görə, silahlı qüvvələr hazırda Tavuşda xidməti davam etdirir.
“Silahlı qüvvələr öz tapşırıqlarını yerinə yetirməkdə davam edir”, - deyən nazir həmin kəndlərin təhvil verilib-verilməyəcəyi barədə açıq danışmaq istəməyib.
Qeyd edək ki, martın 9-da Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndin (Qazaxın Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) azad edilməsinin vacibliyini bəyan etməsindən sonra məsələ yenidən aktuallaşıb.
Ermənistanın baş naziri Nikol Paşinyan dünən keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin Tavuş bölgəsindən başlayacağını istisna etməyib.
Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan deputatı Qaqik Melkonyan bu gün jurnalistlərlə söhbətində 4 kənd haqqında danışarkən KİV nümayəndələrinin “çox tələsdiyini” deyib.
“Ermənistan və Azərbaycan arasında mübahisəli ərazilərlə bağlı müzakirələr gedir, İndi bizim Azərbaycan ərazisində yerləşən Artsvaşen kəndi (Başkənd-red.) var, biz Artsvaşeni nəyə dəyişmək lazım olduğunu müzakirə etməliyik, eləcə də Tiqranaşeni (Naxçıvanın işğal altındakı Kərki kəndi-red.), amma siz tələsirsiniz, deyirsiniz ki, artıq təslim olmusunuz”, - deyə deputat bildirib.
“Azadlıq” radiosunun erməni xidməti hökumətdən “Ermənistan Bakının tələb etdiyi kimi, əsas delimitasiya prosesinə başlamadan 4 qeyri-anklav kəndi Azərbaycana qaytarmağa hazırdırmı” sualına cavab istəyib. Ermənistan hökuməti bu gün bildirib ki, problemli ərazilərdə Ermənistan ərazisinin haradan başlamasına qərar vermək lazımdır. “Bakı dörd kəndin adını çəkir: Bağanıs Ayrum, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı. Hökumətin fikrincə, bu yerlər hüquqi qüvvəyə malik sənədlərə əsaslanmalıdır. Buna əsasən de-yure Ermənistan ərazisi Ermənistan Respublikasının, Azərbaycan ərazisi isə Azərbaycan Respublikasının mülkiyyətində və nəzarəti altında olmalıdır”, - deyə Ermənistan hökuməti vurğulayıb.
Hökumət bildirib ki, bütün sərhəd boyu belə qərarlar verməyə hazırdır: “Ermənistan eyni düsturdan istifadə edərək, Tavuş bölgəsinə bitişik ən problemli ərazilər də daxil olmaqla, həll yollarını tapmağa hazırdır”.