XƏBƏRLƏR / Diplomatiya

İrəvan Zəngəzurda Rusiya FTX-in xidmətindən imtina edib

Bunu keçirdiyi brifinqdə Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova deyib

İrəvan Zəngəzurda Rusiya FTX-in xidmətindən imtina edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistan XİN-nin Sergey Lavrovun Bakıda “Ermənistan 10 noyabr üçtərəfli razılaşmasını sabotaj edir” açıqlamasına şərhinə münasibət bildirib.

    Onun sözlərinə görə, Ermənistan üçün əsas öz uğursuzluqlarına görə başqalarını günahkar çıxarmaqdır.

    Zaxarova 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini bir daha Ermənistan tərəfinə xatırladıb. Bildirib ki, kommunikasiyaların açılması üçün görülən böyük iş “İrəvanın sərhəd nəzarəti məsələlərində qeyri-bərabərliyi və Rusiya sərhədçilərinin Ermənistan və Azərbaycan tərəfində olmasını təkid etdiyi üçün dayanıb”.

    Rusiya XİN sözçüsü vurğulayıb ki, beləliklə, İrəvan Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti tərəfindən nəqliyyat axınına nəzarətdən imtina edib və faktiki olaraq işçi qrupda iştirakını dondurub.