İrəvanda Aİİ forumunun plenar iclası keçirilir
Bu barədə Ermənistan xəbər agentlikləri məlumat yayıb
Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin baş nazirləri Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün İrəvandadırlar.
Bu barədə Ermənistan xəbər agentlikləri məlumat yayıb.
Bu gün səhər onları Ermənistan hökumətinin başçısı Nikol Paşinyan qarşılayıb.
Beş dövlətin baş naziri İttifaq çərçivəsində iqtisadi əməkdaşlığın geniş spektrini nəzərdən keçirəcəklər. İclasın gündəliyinə 20 məsələ daxildir, onlardan beşinə məhdud tərkibdə baxılacaq. O cümlədən, tərəflər 2030-cu ilə qədər sənaye əməkdaşlığının əsas istiqamətlərini, malların birja bazarının formalaşdırılması konsepsiyasını və informasiya mübadiləsi qaydalarını müzakirə edəcəklər.
Daxili bazarın fəaliyyətinə, sənaye, nəqliyyat, gömrük-tarif, kənd təsərrüfatı və energetika sahələrində qarşılıqlı əlaqənin inkişafına xüsusi diqqət yetiriləcək. Hökumətlərarası Şura çərçivəsində bir sıra ikitərəfli görüşlər də planlaşdırılır.
Qeyd edək ki, İran bu toplantıda birinci vitse-prezidentlə təmsil olunur.
Avrasiya İqtisadi İttifaqı 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi birliyidir. Birliyin üzvləri Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır.