İsmayıl Haniyə Tehranda raket hücumu nəticəsində öldürülüb
Raketin xarici ölkədən buraxıldığı deyilir VİDEO
“Al Mayadeen” xəbər verir ki, Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə raket hücumu nəticəsində öldürülüb. Raket xarici ölkədən buraxılıb.
Bu arada Türkiyə Xarici İşlər Nazirliyi bəyan edib ki, “Binyamin Netanyahu hökuməti sülh əldə etmək niyyətində deyil”.
"Biz Tehranda Haniyənin qətlini pisləyirik. Bir daha bəlli olur ki, Netanyahu hökuməti sülhə nail olmaq niyyətində deyil", - departamentdən bildiriblər.
Əl-Ərəbiyyə xəbər verir ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qaldığı iqamətgaha Tehran vaxtı ilə gecə saat 2 radələrində birbaşa raket zərbəsi endirilib.
Haniyə və mühafizəçisi olduqları yerə birbaşa zərbə nəticəsində həlak olublar.
HƏMAS İsraili bu qətldə günahlandırır, lakin İsrail hələlki bu ittihamlara münasibət bildirməyib.
İran tərəfi isə hələ hansı tip raket və ya pilotsuz uçan aparatın istifadə edildiyi barədə məlumat verməyib.