XƏBƏRLƏR / Siyasət

İsrail hökuməti “erməni soyqırımı”na yekdilliklə səs verib

Türkiyə Xarici İşlər Nazirliyi dərhal cavab verib

İsrail hökuməti “erməni soyqırımı”na yekdilliklə səs verib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 09:34

    Türkiyə Xarici İşlər Nazirliyi İsrail Nazirlər Kabinetinin “1915-ci il hadisələri”ni rəsmi olaraq “erməni soyqırımı” kimi tanımaq barədə qərarını yekdilliklə təsdiqləməsinə münasibət bildirib.

    Türkiyə XİN-in bəyanatında deyilir:

    “Bütün dünyanın gözü qarşısında Fələstin xalqına qarşı sistemli təzyiqlər həyata keçirən və Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Qəzza sakinlərinə qarşı soyqırımı ittihamı ilə məhkəmə prosesinə cəlb olunan İsrail hökuməti 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi siyasi qətnamə vasitəsilə öz cinayətlərini ört-basdır etməyə çalışır.

    Hüquqi və tarixi faktları görməzdən gələn bu qərəzli təşəbbüs fələstinlilərə qarşı törədilmiş cinayətlərlə bağlı Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən barələrində həbs qərarı çıxarılmış Benyamin Netanyahu və onun silahdaşlarının düşdüyü vəziyyəti açıq şəkildə nümayiş etdirir.

    Türkiyə İsrailin regionda həyata keçirdiyi ekspansionist və sabitliyi pozan siyasətə son qoyulması, həmçinin Netanyahu hökumətinin, ilk növbədə fələstinlilərə qarşı mülki əhaliyə yönəlmiş cinayətlərə görə qanun qarşısında cavab verməsi istiqamətində qətiyyətlə fəaliyyətini davam etdirəcək”.

    ***

    28 iyun 2026-cı il

    15:18

    İsrail hökuməti rəsmi olaraq “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verib.

    Bu barədə İsrailin xarici işlər naziri Gideon Saar “X” hesabında məlumat verib.

    Onun sözlərinə görə, qərar şəxsən öz tərəfindən irəli sürülən qətnamə layihəsi əsasında qəbul edilib.

    “Osmanlı İmperiyasının son illərində erməni xalqına qarşı törədilmiş soyqırımının tanınması həm mənəvi, həm də tarixi borcdur”, – Saar qeyd edib.

    Qeyd edək ki, layihə səsvermə üçün Knessetin (parlament) plenar iclasının gündəliyinə çıxarılacaq.