İsrailin müdafiə naziri Yoav Qalant Qəzza zolağının tam mühasirəyə alınmasına göstəriş verib.
Onun bəyanatınl xarici KİV-lər yayımlayıb.
"Mən Qəzza zolağının tam mühasirəyə alınması əmrini verdim. Nə işıq, nə qida, nə qaz təchizatı olacaq, hər şey kəsiləcək", - Müdafiə Nazirliyinin rəhbəri bildirib.
Şənbə günü səhər İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan sonra HƏMAS döyüşçüləri yəhudi dövlətinin cənubundakı sərhəd bölgələrinə soxulub. Ardınca Fələstin hərəkatının hərbi qanadı “Əl-Əqsa” “tufan əməliyyatı”nı elan edib.
Bundan sonra İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib. Baş nazir Benyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib və ehtiyatların geniş şəkildə səfərbər olunmasına göstəriş verdiyini bildirib.
Münaqişənin gərginləşməsi nəticəsində İsrail sakinləri arasında ölənlərin sayı 700-ü ötüb. Fələstin Səhiyyə Nazirliyinin son məlumatlarına görə, İsrailin Qəzza zolağına endirdiyi zərbələrin qurbanlarının sayı 400 nəfəri keçib, 2300 nəfər yaralanıb.
Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik mənbəyi olaraq qalır.