İsrailin quru əməliyyatı hava şəraitinə görə təxirə salınıb
Bu barədə “The New York Times” yazır
İsrailin Qəzza zolağında quru əməliyyatı pilotların və pilotsuz uçuş aparatlarının havadan dəstək vermək qabiliyyətinə mane olan buludlu hava səbəbindən bir neçə günə təxirə salınıb.
Bu barədə “The New York Times” İsrail silahlı qüvvələrindəki mənbələrə istinadla məlumat yayıb.
Nəşr qeyd edir ki, bu, 2006-cı ildə İsrail-Livan münaqişəsindən sonra İsrailin ən böyük quru əməliyyatı ola bilər.
Radikal HƏMAS hərəkatının adının açıqlanmasını istəməyən üzvünün “The New York Times” qəzetinə verdiyi məlumata görə, yaraqlılar Qəzzanın şimal hissəsindəki tunellərdə İsrail hərbçilərini pusquya salmaq niyyətindədirlər. İsrail rəsmiləri də öz növbəsində qəzetə bildiriblər ki, hücumda piyadalardan əlavə tanklar, istehkamçılar və xüsusi təyinatlılar da iştirak edəcək.