İstanbuldakı zəlzələlərdə 240 nəfər yaralanıb YENİLƏNİR
Bu barədə İstanbul Valiliyi məlumat yayıb

18:15
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ ilə bağlı bunları paylaşıb:
"Bu gün saat 12.49-da Mərmərə dənizində 6.2 bal gücündə zəlzələ baş verib. Təxminən 7 km dərinlikdə olan zəlzələ ümumilikdə 13 saniyə davam edib. Silivridən 24 km aralıda olan zəlzələ İstanbul və ətraf vilayətlərdə hiss olunub. Ən böyüyü 5,9 bal olmaqla 51 afterşok qeydə alınıb. Təcili Zəng Mərkəzinə indiyədək 6100 məlumat daxil olub. Bu zənglərin əksəriyyəti məlumat əldə etmək məqsədi daşıyıb. Allaha şükürlər olsun ki, hələlik can itkisi və xəsarət alan vətəndaş yoxdur”.
***
17:25
İstanbul Valiliyinin sosial media hesabından edilən açıqlamada, AFAD şəhərciyində qurulan böhran mərkəzində işləri İstanbul valisi Davud Gülün koordinasiya etdiyi bildirilib və bunlar qeyd edilib:
15.30-dan etibarən: Enerji təchizatı və infrastruktur, təbii qaz təchizatı, içməli su və kanalizasiya infrastrukturunda ümumi həyata təsir edəcək hər hansı neqativ hal olmayıb.
Zəlzələdə insan itkisi olmayıb. Təşvişə düşərək hündürlükdən tullanaraq xəsarət alan 240 vətəndaşın xəstəxanalarda müalicəsi davam edir və həyatları üçün təhlükə yoxdur.
Fatih məhəlləmizdə kimsəsiz bina uçub, hadisə nəticəsində ölən və yaralanan olmayıb. Müvafiq bölmələrin işləri davam edir.
***
16:22
İstanbulda son bir saat ərzində 8 zəlzələ baş verib. Daxili işlər naziri Ali Yerlikaya bütün qrupların sahədə olduğunu, lakin indiyədək hansısa bir dağıntı xəbərinin daxil olmadığını bildirib.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi saytında yer alan məlumatlara görə, yerli vaxtla saat 12:19-da baş vermiş 3,9 bal gücündə ilk zəlzələdən sonra şəhərdə daha 7 yeraltı təkan qeydə alınıb.
Zəlzələlərin ən kiçiyi İstanbulun Böyükçekmece rayonunun sahillərində 3,4 bal, ən şiddətlisi isə Mərmərə dənizinin İstanbulun Silivri rayonu suları ərazisində 6,2 bal gücündə olub.
Qeyd edək ki, şəhərdə saat 12:19-da baş verən 3,9 bal gücündəki ilk zəlzələdən sonra 6.2, 4.4, 5.9, 4.8, 4.5, 4.9 və 3.4 gücündə yeraltı təkanlar qeydə alınıb.
***
14:40
İstanbulda 4,5 bal gücündə daha bir zəlzələ baş verib. Ümumilikdə bu gün yeddi yeraltı təkan olub.
***
14:23
İstanbulda 4,4, 3,9 və 4,9 bal gücündə daha üç zəlzələ baş verib.
Məlumata əsasən, zəlzələlər yeli vaxtla saat 12:13 ilə 13:02 arasında 3.9, 6.2, 4.4 və 4.9 bal gücündə olub.
AFAD sosial media hesabında zəlzələdən sonra ediləcəklər ilə bağlı mühüm xəbərdarlıq paylaşıb:
“Zəlzələdən sonra ərazidəki zədələnmiş binalara heç vaxt girməyin.
Riskli binaların ətrafında olmaqdan çəkinin".
***
14:03
İstanbulun Silivri sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyinin (AFAD) internet saytında yer alan məlumata görə, zəlzələ episentri Silivri sahillərində 6,2 bal gücündə qeydə alınıb.
Zəlzələnin 6,92 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Dəhşətli zəlzələ səbəbindən vətəndaşlar özlərini küçələrə atıblar.
***
13:38
İstanbulda güclü zəlzələ olub.
Bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, zəlzələ Silivri sahilində 4 bal gücündə, 7 km dərinlikdə baş verib.
Yeraltı təkan Mərmərədə hiss edilib.