XƏBƏRLƏR / Siyasət

İstanbulda hökumətyönlü gənclər SOCAR-ın ofisinə hücum edib

Türkiyədə İsrailin Qəzza bölgəsinə qarşı təcavüzünü pisləmədiyinə görə rəsmi Bakının siyasətinə qarşı narazılıq artır

İstanbulda hökumətyönlü gənclər SOCAR-ın ofisinə hücum edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Mayın 31-də Socar neft şirkətinin İstanbuldakı ofisinə hücumu hakim Ədalət və İnkişaf Partiyasına yaxın gənclər təşkil edib.

    "Turan" agentliyinə məlum olub ki, Fələstini dəstəkləyən bu fəallar SOCAR-ın digər obyektləri qarşısında da Azərbaycan neftinin İsrailə tədarükünü dayandırmaq tələbi ilə bənzər aksiyalar keçirməyi planlaşdırırlar.

    Qeyri-rəsmi məlumatlara görə, ofisə hücum edənlərdən saxlanılan olmayıb. Polis yalnız aksiya başa çatdıqdan sonra binanın qarşısında kordon qurub. Bundan əlavə, polis fəalların bina qarşısında mitinq keçirməsinə icazə verib. Mitinq zamanı onlar Azərbaycan nümayəndələrinə qarşı təhdid və təhqirlər səsləndiriblər.

    Yerli mənbələrin məlumatına görə, Türkiyədə İsrailin Qəzza bölgəsinə qarşı təcavüzünü pisləmədiyinə görə rəsmi Bakının siyasətinə qarşı narazılıq artır.

    Maraqlıdır ki, Türkiyədə rəsmi dairələr Socar-ın ofisinə hücumu pisləməyib.