XƏBƏRLƏR / Terror

İstanbulda İsrail Konsulluğunun yaxınlığında atışma: 3 ölü

Bu barədə daxili işlər naziri Mustafa Çiftçi məlumat verib YENİLƏNİB/FOTO

İstanbulda İsrail Konsulluğunun yaxınlığında atışma: 3 ölü
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 19:13

    İstanbulun Beşiktaş rayonunda yerləşən İsrail baş konsulluğu ətrafında baş verən silahlı insidentin İŞİD terror təşkilatının üç üzvü tərəfindən törədildiyi müəyyən edilib.

    Terrorçular baş konsulluğun yerləşdiyi binanın önünə gələrək polislə atışmaya giriblər. Terrorçulardan biri ölü, ikisi isə yaralı halda ələ keçirilib. Kəşfiyyat orqanları 3 terrorçu arasında çox sıx rəqəmsal əlaqənin olduğunu müəyyən ediblər.

    Hadisə ilə bağlı istintaq geniş şəkildə davam edir. İndiyə qədər İstanbulun Etilər bölgəsində 2 şübhəli saxlanılıb. Şübhəlilərin hadisə yerində olduqları və əvvəlcədən kəşfiyyat apardıqları ehtimal olunur. Onların terrorçulardan birinin qohumu olduğu da qeyd edilir. Hücum edənlərin taktiki kamuflyaj geyimində olduqları və uzunlüləli silahlardan istifadə etdikləri bildirilir.

    Hadisə ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi terrorçuların şəxsiyyətlərinin müəyyən edildiyini bildirib. Onların İzmit şəhərindən iki avtomobillə İstanbula gəldiklərini deyən nazir müəyyən edilən şəxslərdən birinin dini təşkilatla əlaqəsi olduğunu, ikisi qardaş olan terrorçulardan birinin isə narkotik maddələrlə bağlı qeydiyyatının müəyyən edildiyini deyib.

    İstanbul valisi Davud Gül isə hadisəni təxribat xarakterli bir hərəkət kimi qiymətləndirib. Bölgədə iş yerlərinin olduğunu vurğulayan vali “arxa tərəfdə konsulluq var və təxminən 2,5 ildir fəaliyyət göstərmir. Heç bir diplomatik əməkdaş yoxdur. “Yapı Kredi” plazanın qarşısında baş verən hadisəni araşdırırıq. Bir hücumçu öldürüldü, 2 hücumçu yaralı ələ keçirildi”, - deyə bildirib.

    Qeyd edək ki, Türkiyə vaxtı ilə təxminən saat 12 radələrində başlayan qarşıdurma 10 dəqiqəyədək davam edib. Atışmada 2 polis əməkdaşı yaralanıb. Hücum İstanbulun həm nəqliyyat, həm də insan sıxlığının ən yüksək olduğu nöqtələrdən birində baş verib.

    ***

    14:13

    İstanbulda İsrail Konsulluğunun qarşısında atışma olub. Hücum edənlərdən ikisi öldürülüb.

    NTV-nin xəbərinə görə, hücum edənlərdən biri yaralı halda ələ keçirilib.

    CNN Türk məlumat verir ki, hücum edənlərin üçü də öldürülüb.

    Bundan başqa, atışmada iki polis əməkdaşı yaralanıb.

    Daxili işlər naziri Mustafa Çiftçi hadisə ilə bağlı açıqlamasında bildirib ki, "İstanbulda Yapı Kredi Plaza bloklarının qarşısında polis əməkdaşlarımızla silahlı toqquşmada iştirak edən üç nəfər zərərsizləşdirilib, iki polis əməkdaşımız isə yüngül yaralanıb".

    Terrorçuların şəxsiyyəti müəyyən edilib. Onların İzmitdən İstanbula icarəyə götürülmüş avtomobillə gəldiyi, onlardan birinin dini istismar edən bir təşkilatla əlaqəsi olduğu və qardaş olan iki terrorçudan birinin narkotik saxladığı məlum olub - daxili işlər naziri deyib.

    İstanbul valisi Davud Gülün sözlərinə görə isə, iki polis əməkdaşı yüngül xəsarət alıb, silahlıların şəxsiyyətinin müəyyənləşdiriməsi istiqamətində iş aparılır.

    O, ərazidə bir sıra infrastruktur obyektlərinin olmasına diqqət çəkib və təxribat versiyasını istisna etməyib.

    Vali Konsulluğun təxminən 2 il yarımdan çoxdur fəaliyyət göstərmədiyini və binada diplomatik nümayəndəliyin hər hansı əməkdaşının olmadığını vurğulayıb.

    Davud Gül hücumu təşkil edən üç nəfərin hadisə yerinə avtomobildə gəldiklərini, avtomatlar və tapançalarla silahlandıqlarını qeyd edib.

    O əlavə edib ki, silahlılardan ikisi öldürülüb, biri isə yaralı ələ keçirilib.

    Ədliyyə naziri hadisə ilə bağlı prokurorluqda araşdırma başladıldığını bildirib.