XƏBƏRLƏR / Müttəfiq

IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu keçirilib

Forumda Azərbaycanın iqtisadi inkişaf göstəriciləri haqqında məlumat verilib

IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu keçirilib
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Özbəkistan Respublikasına rəsmi səfəri çərçivəsində iyunun 10-da IV Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak edib.

    Nazirlər Kabinetindən bildiriblər ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev forumu açaraq ölkəsinin iqtisadi və investisiya imkanları barədə məlumat verib.

    Tədbirdə çıxış edən Baş nazir Ə.Əsədov Azərbaycanın iqtisadi inkişaf göstəriciləri və əlverişli investisiya mühiti haqqında danışıb.

    Qeyd olunub ki, 2024-cü ildə ölkəmizin iqtisadiyyatı 4,1 faiz, qeyri-neft-qaz sektoru 6,2 faiz artıb. Vurğulanıb ki, Azərbaycanın xarici borcu ÜDM-in 7 faizindən də azdır, maliyyə ehtiyatlarımız isə xarici borcumuzu 14 dəfə üstələyir.

    Azərbaycanda əlverişli investisiya mühitinin yaradılması istiqamətində görülən tədbirlər barədə məlumat verən Baş nazir vergi yükünün azaldılması, inzibati maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, investorların hüquq və mənafelərinin qorunması, mülkiyyət toxunulmazlığının təmin edilməsi məqsədilə ardıcıl işlərin aparıldığını deyib.

    Diqqətə çatdırılıb ki, Azərbaycanda müxtəlif istehsal sahələri üzrə ixtisaslaşmış yeddi sənaye parkı fəaliyyət göstərir. İnvestorlar üçün unikal şərtlər təklif edən Ələt azad iqtisadi zonası xüsusi qeyd edilib.

    “Yaradılan əlverişli investisiya mühiti xarici investorlar üçün də geniş perspektivlər açır. Bunun nəticəsidir ki, son 20 ildə iqtisadiyyatımıza 338 milyard ABŞ dollarından çox sərmayə qoyulmuşdur, bunun da yarısı birbaşa xarici investisiyadır”, - deyə Ə.Əsədov bildirib.

    Eyni zamanda, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə yaranmış yeni reallıqların da investisiya əməkdaşlığı üçün yaxşı imkanlar açdığı diqqətə çatdırılıb. Qeyd olunub ki, bu gün Azərbaycan bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparır.

    Füzuli şəhərində Mirzə Uluqbəy adına tam orta məktəbin və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasına görə Özbəkistan və Qazaxıstan tərəflərinə minnətdarlıq ifadə olunub.

    Nizamnamə kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan investisiya fondu vasitəsilə aparılan səmərəli işbirliyinə toxunan Ə.Əsədov fondun xətti ilə bu gün müxtəlif sahələri əhatə edən bir sıra perspektivli layihələrin nəzərdən keçirildiyini məmnunluqla qeyd edib.

    Diqqətə çatdırılıb ki, əməkdaşlıq üçün digər perspektivli istiqamət alternativ enerji sahəsidir. Azərbaycanın bu sahədə genişmiqyaslı gündəliyi var. Artıq dünyanın aparıcı şirkətləri ilə birgə bir sıra iri layihələr həyata keçirilir.

    Azərbaycanın Avropaya yaşıl enerji tədarükçüsü kimi də fəal inkişaf etdiyini deyən Ə.Əsədov ölkəmizin bu gün Gürcüstan, Rumıniya və Macarıstanla birgə Qara dənizin dibi ilə Avropaya yaşıl enerji dəhlizinin yaradılması layihəsi üzərində işlədiyini vurğulayıb.

    Bildirilib ki, bununla yanaşı, COP29 çərçivəsində Azərbaycan, Özbəkistan və Qazaxıstanın dövlət başçıları Xəzər dənizi-Qara dəniz marşrutu ilə Avropaya yaşıl enerjinin ixracı üçün geniş imkanlar açan Saziş imzalayıblar.

    Sonda Daşkənd Beynəlxalq İnvestisiya Forumunun bundan sonra da investisiya sahəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün mühüm platforma rolunu oynayacağına əminlik ifadə olunub.