XƏBƏRLƏR / Müttəfiq

Kahramanmaraşda Heydər Əliyev məktəbi açılışa hazırdır

Məktəbin rəsmi açılışının sentyabrın 11-də keçirilməsi nəzərdə tutulub

Kahramanmaraşda Heydər Əliyev məktəbi açılışa hazırdır
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 2023-cü ilin dağıdıcı fevral zəlzələlərindən ən çox zərər çəkən Türkiyənin Kahramanmaraş vilayətində Azərbaycan məhəlləsinin tikintisi ilə bağlı fəal işlər davam edir.

    Kahramanmaraşda sosial və yaşayış obyektlərinin tikintisi layihəsi çərçivəsində Azərbaycan hökumətinin icra hakimiyyəti orqanının təmsilçisi qismində Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) çıxış edir. Buradakı “Azərbaycan” yaşayış massivinin ümumi sahəsi 32 hektardır və ümumi işlərin dəyəri 100 milyon ABŞ dolları məbləğində müəyyən edilib.

    Hazırda tamamlama işləri aparılan yaşayış massivinin 11-ci və 12-ci məhəllələrinin ərazisində inşaat prosesi başa çatdırılıb, 7-ci və 8-ci məhəllələrin yerində isə bütün seysmik müqavimət tələbləri nəzərə alınmaqla yaşayış binalarının tikintisi davam etdirilir.

    Bütövlükdə, layihə çərçivəsində 2, 3 və 4 otaqlı 1323 mənzildən ibarət 71 evin tikintisi nəzərdə tutulub.

    Burada Heydər Əliyev adına ibtidai məktəb də tikilib istifadəyə verilib. Təhsil ocağının iyirmi ibtidai sinfi və hazırlıq şöbəsinin üç otağı yaxın günlərdə yüzlərlə uşağı qəbul edəcək.

    İki qardaş ölkənin nümayəndə heyətlərinin iştirakı ilə məktəbin rəsmi açılışının sentyabrın 11-də keçirilməsi nəzərdə tutulub.

    Təhsil müəssisəsinə bitişik ərazidə son abadlıq işləri başa çatdırılır, məktəbə dərs vəsaitləri və kitablar gətirilir.

    Məktəbin nümayəndələri məlumat veriblər ki, təbii fəlakət zonasında yerləşən digər məktəblərdə şagird yeri çatışmazlığı səbəbindən Kahramanmaraşın digər təhsil müəssisələrindən uşaqların bir hissəsinin Heydər Əliyev adına ibtidai məktəbə köçürülməsi ilə tədris prosesini iki növbədə təşkil etmək mümkündür.