Kamboca və Perudan quşçuluq məhsullarının idxalına qadağa
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatına əsasən, Kamboca Krallığının Takev əyalətində, eləcə də Peru Respublikasının Areqipa regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Takev əyalətində və Areqipa regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanılması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.