Karen Avanesyan özünü "Ermənistan qəhrəmanı" hesab edib
Gəncə Ağır Cinayətlər Məhkəməsində terrorizmdə ittiham olunan Xankəndi sakininin məhkəməsi davam edir
17:17
Terrorizm və digər ağır cinayətlərdə ittiham olunan Karen Avanesyan xəstəxanada olarkən özünü "Ermənistan qəhrəmanı" adlandırıb. Gəncə Ağır Cinayətlər Məhkəməsində davam edən məhkəmə prosesində Avanesyanın həbsində iştirak edən Elmar adlı polis əməkdaşı ifadə verib.
O qeyd edib ki, əməliyyat zamanı Avanesyan polisin silahı yerə qoymaq tələblərinə məhəl qoymadan silahlı müqavimət göstərməyə davam edib.
"Hadisə yerinə çatdıqdan sonra biz onu dəfələrlə təslim olmağa çağırdıq. Lakin bu çağırışlara məhəl qoymadan o, silahlı müqavimət göstərməyə davam edib. Silahlı Avanesyan kütləvi tədbirin keçirildiyi əraziyə doğru irəliləyib. Daha sonra o, evdə gizlənib, oradan 6-7 atəş açıb və qumbara atıb. Nəticədə polis əməkdaşları silahlarından istifadə etməyə məcbur olub və onu yaralayıblar", - deyə o bildirib.
Polis əməkdaşı bildirib ki, həbsdən sonra Avanesyan xəstəxanaya aparılıb və orada yaralı halda özünü "Ermənistan qəhrəmanı" adlandırıb.
Karen Avanesyanın məhkəməsində dövlət ittihamçısı ona 18 il həbs cəzası istəyib.
Çıxış edən dövlət ittihamçısı törətdiyi əməllərə görə Avanesyanın təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilməsini və cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib.
Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin olunub.
1 dəqiqə