"Kartdan-karta" üsulu ilə işləyənlər cərimələnməyə başlayıb
Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan daha 150 vergi ödəyicisinin qanun pozuntularına yol verdiyi müəyyən olunub.
Bu barədə DVX-nə istinadən xəbər verir.
Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının aradan qaldırılması məqsədilə nəzarət tədbirlərini davam etdirir. Son günlər ərzində Bakı şəhərində keçirilmiş nəzarət tədbirləri zamanı 150-dək belə obyektdə qanun pozuntularına yol verildiyi müəyyənləşdirilib. Qanun pozuntuları protokollaşdırılıb və müvafiq maliyyə sanksiyaları tətbiq olunub.
“Nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır. Mövcud qanunvericiliyə əsasən, istehlakçılara elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər”, - deyə məlumatda vurğulanıb.