Özbəkisanla birgə geoloji kəşfiyyat aparılacaq
Bunu iqtisadiyyat Naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib
Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat işlərinin aparılması üçün birgə müəssisənin yaradılması ilə bağlı Şərtlər Toplusu imzalayıb.
Bunu iqtisadiyyat Naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Özbəkistana işgüzar səfərimiz çərçivəsində bu ölkənin investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovla birlikdə Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında iştirak etdik. Dövlət başçılarımızın müəyyən etdiyi hədəflərə uyğun olaraq ticarət-investisiya tərəfdaşlığın dərinləşdirilməsi, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni istehsal və dəyər zəncirlərinin formalaşdırılması, Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika əlaqələrinin inkişafı, həmçinin investisiya əməkdaşlığının genişləndirilməsi ilə bağlı fikirlərimizi bölüşdük.


İclasın yekununda iqtisadi-ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, səhiyyə, ətraf mühitin mühafizəsi və digər prioritet istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsini nəzərdə tutan protokol, həmçinin AzerGold QSC, "Uzbekgeologorazvedka" SC və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin birgə iştirakı ilə geoloji kəşfiyyat işlərinin aparılması məqsədilə üçtərəfli birgə müəssisənin yaradılması ilə bağlı Şərtlər Toplusu imzalandı", - deyə o qeyd edib.

1 dəqiqə