Kayseridə iğtişaşlar zamanı 470-dən çox şəxs saxlanılıb
Bu barədə "TRT Haber" məlumat yayıb
Türkiyənin Kayseri vilayətində suriyalılara qarşı təxribat xarakterli hərəkətlərə görə 474 nəfər saxlanılıb.
Bu barədə "TRT Haber" daxili işlər naziri Ali Yerlikayaya istinadən xəbər yayıb.
“Kayseridəki hadisədən sonra ölkəmizin bəzi şəhərlərində suriyalılara qarşı aksiyalar təşkil olunub. Aksiyalardan sonra 474 nəfər saxlanılıb. Müəyyən edilib ki, saxlanılan 285 nəfər müxtəlif cinayətlərə görə (miqrant qaçaqmalçılığı, sağlamlığa zərər vurma, narkotik vasitələrin qanunsuz dövriyyəsi, quldurluq, oğurluq və s.) cinayət məsuliyyətinə cəlb edilib”, - deyə daxili işlər naziri deyib.
Qeyd edək ki, iğtişaş iyunun 30-da Kayseri vilayətinin Melikqazi rayonunda baş verib. Buna səbəb 7 yaşlı qızın bir suriyalı qaçqın tərəfindən cinsi təcavüzə məruz qaldığına dair yayılan xəbərlər olub.
Bu xəbərlərdən qəzəblənən yerli sakinlər maşınlara və dükanlara od vuraraq suriyalıların Türkiyəni tərk etməsini tələb ediblər.