Kiberdələduzlar tərəfindən “milliodeme.net” saxta ödəniş portalı yaradılıb.
Bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
Məlumatda qeyd olunub ki, portal vasitəsilə vətəndaşlara kommunal ödənişlərin həyata keçirilməsi vədi verilir. Vətəndaşlardan portalda qeyd olunan bölmələrə daxil olduqdan sonra onlardan, ilk növbədə, abonent kodunu, daha sonra fərdi və bank kartı məlumatlarını daxil etmək tələb olunur.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-səhifələrə etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi, yalnız rəsmi ödəniş portalları vasitəsilə ödəniş etməyi tövsiyə edir.