XƏBƏRLƏR / Hadisə

Kinostudiyadakı partlayışda inzibati binaya ziyan dəyib

YENİLƏNİB

Kinostudiyadakı partlayışda inzibati binaya ziyan dəyib
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 12:14

    “Azərbaycanfilm” kinostudiyası ərazisində yerləşən, film istehsalı zamanı partlayış, yanğın, atəş və tüstü effektlərinin icrası üçün nəzərdə tutulan pirotexniki vasitələrin saxlanc anbarında yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi nəticəsində sözügedən birmərtəbəli tikili dağılıb, kinostudiyasının inzibati binası və yaxınlıqda yerləşən yaşayış binasının müəyyən mənzillərinin pəncərələrinə isə ziyan dəyib.

    Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, iyunun 26-da, saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 1 ünvanında yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

    Məlumat əsasında Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsi əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin mütəxəssislərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədilə ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri prosessual hərəkətlər icra olunub.

    İlkin araşdırma zamanı müəyyən edilib ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yerləşən, film istehsalı zamanı partlayış, yanğın, atəş və tüstü effektlərinin icrası üçün nəzərdə tutulan pirotexniki vasitələrin saxlanc anbarında yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi nəticəsində sözügedən birmərtəbəli tikili dağılıb, kinostudiyasının inzibati binası və yaxınlıqda yerləşən yaşayış binasının müəyyən mənzillərinin pəncərələrinə isə ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

    Hazırda faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

    Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

    ***

    10:51

    "Azərbaycanfilm" kinostudiyasında baş verən yanğının səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, ötən gecə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində kinofilm çəkilişlərində istifadə olunan pirotexniki maddələr yığılan tikilidə partlayış nəticəsində yaranmış yanğın nazirlitin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.

    Partlayış nəticəsində ümumi sahəsi 200 m² olan birmərtəbəli tikilinin konstruksiyaları dağılıb.

    Taxta qutularda yığılan digər pirotexniki vasitələr, 3 ədəd propan qaz balonu və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

    Hadisə zamanı ölən və xəsarət alan olmayıb.