XƏBƏRLƏR / Qayıdış

Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub FOTO

Laçın şəhərinə hələlik 431 ailə, yəni 1627 nəfər qayıdıb

Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub FOTO
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 17:50

    Bu gün növbəti köç karvanı ilə Laçına qayıdan ailələrə evlərinin açarları təqdim olunub.

    Laçın şəhəri bu gün 23 ailəyə qucaq açıb və daha 72 laçınlının yurd həsrəti bitib. Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.

    Açarların təqdim edilməsi mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşları və digər şəxslər iştirak ediblər.

    Ailələr sevinc hissi ilə açarları təhvil alıb, öz evlərində məskunlaşıblar.

    ***

    Böyük Qayıdış proqramı üzrə Laçın rayonuna cari ilin ilk köç prosesi həyata keçirilib. Bu gün səhər saatlarında paytaxtın Qaradağ rayonundan yola salınan ailələr doğma yurdlarına çatıblar.

    Laçın şəhəri bu dəfə 23 ailəyə qucaq açıb, daha 72 laçınlının yurd həsrəti bitib. Onlar şəhərdə Seyrəngah adlı ərazidə böyük coşqu ilə qarşılanıblar və Laçın şəhərinin gözəl mənzərəsini seyr ediblər.

    Daha da gözəlləşən və abadlaşan Laçına qovuşan sakinlər torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

    Bununla da Laçın şəhərində 431 ailənin, yəni 1627 nəfərin daimi məskunlaşması təmin olunub.

    Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimiz tərəfindən bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.