Köçəri Oyunlarında nəticələr qarışdı
Qazaxıstan və Qırğızıstan arasında medal hesabı ilə bağlı fikir ayrılığı yaranıb
Qırğızıstanda keçirilən VI Ümumdünya Köçəri Oyunlarında qalmaqal yaşanıb.
VI Ümumdünya Köçəri Oyunlarının yekununda Qazaxıstan və Qırğızıstan arasında medal hesabı ilə bağlı fikir ayrılığı yaranıb.
Qırğızıstan tərəfinin ilkin hesablamalarına əsasən, yarışlarda birinci yeri Qırğızıstan komandası tutub. Qırğızıstan 30 qızıl, 29 gümüş və 13 bürünc olmaqla ümumilikdə 72 medal qazanıb. Qazaxıstan 29 qızıl, 16 gümüş və 19 bürünclə 64 medalla ikinci, Rusiya isə 7 qızıl, 7 gümüş və 20 bürünclə 34 medalla üçüncü göstərilib. Lakin Qazaxıstanın Turizm və İdman Nazirliyi medalları fərqli hesablayıb. Nazirliyin məlumatına görə, Qazaxıstan idmançıları 32 qızıl, 20 gümüş və 22 bürünc olmaqla 74 medal qazanıblar.
Bundan sonra Qırğızıstanın “Kabar” dövlət agentliyinin yaydığı medal cədvəli saytdan silinib. Qırğızıstanın Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Agentliyi isə bildirib ki, Köçəri Oyunlarının konsepsiyası ölkələr üzrə rəsmi medal hesabının aparılmasını nəzərdə tutmur. Məsələ ilə bağlı Qırğızıstan Prezidentinin mətbuat katibi Askat Alaqozov da açıqlama verib. O, sonradan Qazaxıstanın medal sıralamasında qalib olduğunu bildirib.
“Bu gün təşkilat komitəsi Qazaxıstanın üç idmançısının medallarını ayrıca nəzərə almaq qərarına gəlib. Beləliklə, ümumi komanda hesabında birinci yeri Qazaxıstan tutdu. Qazaxıstanlı qardaşlarımızı qələbə münasibətilə təbrik edirik”, – deyə Alaqozov sentyabrın 7-də bildirib.
Qeyd edək ki, növbəti Ümumdünya Köçəri Oyunlarının 2028-ci ildə Rusiyanın Kazan şəhərində keçirilməsi planlaşdırılır.
1 dəqiqə