Köçəri yaşayan vəhşi heyvan növlərinin sayı azalır
Hesabat BMT-nin Ətraf Mühit Proqramı tərəfindən hazırlanıb
Köçəri yaşayan vəhşi heyvanlar növlərinin 44 faizinin populyasiyası azalır və hər beş növdən biri yoxolma təhlükəsi altındadır. Bu narahatedici tendensiyaları köçəri yaşayan heyvanların vəziyyəti ilə bağlı ilk araşdırmanın nəticələri sübut edir. Hesabat BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən köçəri yaşayan vəhşi heyvanlar növlərinin qorunması haqqında Konvensiyanın tələblərinə uyğun olaraq hazırlanıb. Nəşr Səmərqənddə keçirilən konfransa həsr olunub.
Balıq növlərinin 97 faizi təhlükə altındadır
Bütün növlərin 44 faizinin populyasiyası azalır, hər beşindən biri yoxolma təhlükəsi ilə üzləşir. Balıqlarla bağlı vəziyyət xüsusi narahatlıq doğurur - Konvensiyanın siyahısına daxil edilmiş demək olar ki, bütün balıq növləri (97 faiz) təhlükə altındadır.
Bütün dünyada, o cümlədən siyahıya daxil olmayanlar, köçəri yaşayan heyvanlar növlərinin yoxolma riski artır.
Köçəri yaşayan heyvanlar üçün vacib olaraq müəyyən olunmuş əsas biomüxtəliflik sahələrinin yarısı (51 faiz) qoruma statusuna malik deyil, nəzarət edilən ərazilərin 58 faizi isə insan fəaliyyətinin təsiri altındadır.
Antropogen amillər
İki ən böyük təhdid - həddindən artıq istismar və insan fəaliyyətinə görə yaşayış yerlərinin itirilməsidir. Dörd növdən üçü yaşayış mühitinin itirilməsi, deqradasiya və parçalanmadan, on növdən yeddisi həddindən artıq istismardan əziyyət çəkir.
İqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi və invaziv növlər də köçəri yaşayan heyvanlar növlərinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Bütün dünyada nəsli kəsilmək təhdidi olan və ya yoxolma təhlükəsi ilə üzləşən 399 köçəri yaşayan heyvan növü hazırda Konvensiya siyahısına daxil edilməyib.
"Bugünkü hesabat bizə açıq şəkildə göstərir ki, məsuliyyətsiz insan fəaliyyəti köçəri yaşayan heyvanlar növlərinin gələcəyini təhlükə altına qoyur", - deyə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen qeyd edib.
Əldə edilən nəticələr ətraf mühitdəki dəyişikliklərin miqyasını göstərir. UNEP rəhbərinin sözlərinə görə, bu məlumat planetimizin ekosistemlərinin qorunması üzrə tədbirlərin görülməsi üçün lazımdır. "Bu heyvanların bir çoxu üçün vəziyyəti nəzərə alaraq, ləng davrana bilmərik və hesabat müəlliflərinin tövsiyələrini həyata keçirmək üçün birlikdə çalışmalıyıq”.
Köçəri yaşayan heyvanlar
Hər il milyardlarla heyvan ölkə sərhədlərini və qitələri keçərək, quru, okean və hava yolu ilə köç edir, onlardan bəziləri əlverişli mühit axtararaq minlərlə kilometrlik məsafəni qət edir.
Köçəri yaşayan heyvanlar növləri dünya ekosistemlərinin qorunmasında mühüm rol oynayır - bitkiləri tozlandırır, əsas qida maddələrini daşıyır, zərərvericiləri ovlayır və karbonun toplanmasına kömək edir.
Müxtəlif ölkələrdən olan alimlərin birgə əməyi
Hesabat bir sıra digər ixtisaslaşmış təşkilatların dəstəyi ilə BMT-nin Ətraf Mühit Proqramının Ümumdünya təbiəti mühafizə monitorinq Mərkəzindən ekoloq alimlər tərəfindən hazırlanıb.
Hesabatda əsas diqqət Konvensiyanın tərəfləri beynəlxalq mühafizəyə ehtiyacı olan və müvafiq siyahıya daxil edilmiş 1189 heyvan növünə yetirilir. Eyni zamanda, tədqiqat müəllifləri bu siyahıya daxil olmayan üç mindən çox köçəri yaşayan heyvan növünün vəziyyətini əlavə olaraq təhlil ediblər.
Köçəri yaşayan vəhşi heyvan növlərinin qorunması haqqında Konvensiya
Köçəri yaşayan vəhşi heyvan növlərinin qorunması haqqında Konvensiya (CMS və ya Bonn Konvensiyası olaraq da tanınan) quru və dəniz köçəri yaşayan heyvanları, eləcə də köçəri yaşayan quşları əhatə dairəsi boyunca qorumağı hədəfləyir. Bu, 1979-cu ildə BMT-nin Ətraf Mühit Proqramı çərçivəsində bağlanmış beynəlxalq müqavilədir. Konvensiyanın imzalanmasından bəri iştirakçıların sayı tədricən artır və indi Afrika, Mərkəzi və Cənubi Amerika, Asiya, Avropa və Okeaniyanın 133 ölkəsini ehtiva edir.
Konvensiyada sadalanan növlər, əhatə dairələrinin hamısında və ya əksəriyyətində yoxolma təhlükəsi altındadır və ya qoruma statuslarını artırmaq üçün koordinasiyalı beynəlxalq fəaliyyətə ehtiyac duyurlar.
Son 30 ildə siyahıya alınmış 70 köçəri yaşayan heyvan növü, o cümlədən çöl qartalı, leşyeyən qartal və vəhşi dəvə yoxolma təhlükə ilə üzləşib. 14 növ, əksinə, onların qorunmasına dair tədbirlər sayəsində əvvəlkindən daha yaxşı vəziyyətdədir. Bunlara mavi və donqar balinalar, ağ quyruqlu qartal və qara qağayı daxildir.
Köçəri yaşayan köpək balığı, skat və nərə balığı da daxil olmaqla Konvensiya siyahısına daxil olan demək olar ki, bütün balıq növlərinin populyasiyalarının 1970-cı illərdən bəri 90 faiz azaldığına görə yüksək yoxolma riski ilə üzləşməsi faktı ən böyük narahatlıq doğurur.
Konvensiyanın siyahısına daxil edilməmiş 399 köçəri yaşayan heyvanlar növü də kökü kəsilmək təhlükəsi altındadır.
Populyasiyaların bərpası mümkündür
Hesabatın müəllifləri populyasiyaların və növlərin bərpasının mümkün olduğunu vurğulayır və həm yerli, həm də beynəlxalq səviyyədə uğurlu siyasət dəyişikliklərinə dair nümunələr gətirir. Belə ki, Kiprdə koordinasiyalı hərəkətlər qanunsuz quş ovunu 91 faiz azaltmağa imkan verdi, Qazaxıstanda qorunma və bərpa üzrə son dərəcə uğurlu hərtərəfli iş sayqakı yox olmasından xilas etdi.