Köçəryan 2026-cı il parlament seçkilərində iştirak edəcək
Bu barədə Ermənistan KİV-i məlumat yayıb

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bildirib ki, onun komandası 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak edəcək.
Ermənistan KİV-nin xəbərinə görə, o, bunu mətbuat konfransında deyib.
"Hesab edirəm ki, 2021-ci il seçkiləri göstərdi ki, mənim müəyyən təsirim və seçicilərin bir hissəsini birləşdirmək imkanım var", - deyə o qeyd edib.
Onun sözlərinə görə, sosioloji sorğular göstərir ki, onun iştirakı halında komandası siyasi qüvvənin istənilən digər nümayəndəsinin iştirakına nisbətən daha çox səs toplayacaq.
Qeyd etmək lazımdır ki, hərbi cani Köçəryan separatçı və revanşıst iddialarından əl çəkməyərək, Azərbaycana ərazi iddiası olan xəritənin fonunda çıxış edib.