BLOQ

Konstitusion maneəni aşmaq mümkündür

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin təhlili

Konstitusion maneəni aşmaq mümkündür
  • Oxuma müddəti:

    5 dəqiqə

  • 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın mövqeyi bundan ibarətdir ki, Ermənistanla sülh müqaviləsi imzalanacaqsa, burada natamam, gələcək üçün mina və hansısa ikibaşlı məqam saxlanılmamalıdır. Dayanıqlı və substantiv sülh üçün müqavilənin mətni heç bir şəkildə başqa cür tövsif edilməyəcək, aydın və birmənalı olmalı, əks təqdirdə imzalanmamalıdır. 2023-cü ilin sentyabrındakı anti-terror tədbirlərinə qədər Qərbin və Ermənistanın “Qarabağ ermənilərinin təhlükəsizliyi üçün beynəlxalq qarantiyalar” tələb etməsi, Rusiyanın sülh müqaviləsini imzalayıb “Qarabağ məsələsinin həllinin gələcək nəsillərə saxlanılması” təklifi vardı. Bununla onlar məsələni gələcək üçün açıq saxlamağa çalışırdılar. Ancaq ölkəmiz istədiyi formada sülh üçün 1-ci mərhələdə hərbi-diplomatik yollarla Qarabağ mövzusunu müqavilə mətnindən çıxarmağa nail oldu. Azərbaycan o zaman nə diplomatik hiylələrə uydu, nə də bu cür şərtləri qəbul etməyi tələb edən təzyiqlər qarşısında geri çəkildi.
     
    2-ci mərhələdə əsas maneə Ermənistan Konstitusiyası və qanunvericiliyidir ki, ölkə başçısı İrəvan tərəfindən müvafiq dəyişiklik edilməyəcəyi təqdirdə sülh müqaviləsinin imzalanmayacağı ilə bağlı qəti mövqeyini ortaya qoydu. Biz yenə də Ermənistan və ona dəstək verənlər tərəfindən 1-ci mərhələdə olduğu kimi Azərbaycanın əsaslı və haqlı tələbi nəzərə alınmadan tələsik sülh sazişinin imzalanması cəhdlərini görürük. Ermənistan iddia edir ki, Konstitusiya daxili məsələdir, maneə deyil. Həqiqət isə budur ki, ən yaxın tarixdə müxtəlif ölkələrin təcrübəsində imzalanan beynəlxalq sənədlərin ölkələrin daxili qanunvericiliyinə uyğun gəlmədiyi əsas gətirilərək imzaların geri çəkildiyini dəfələrlə görmüşük. Bu baxımdan imzalanan sülh müqaviləsinə müvafiq daxili qanunvericiliyin uyğunlaşdırılmasının ən yaxşı və son nümunəsi kimi 1998-ci il 10 apreldə Britaniya ilə İrlandiya hökuməti arasında Belfast razılaşmasını göstərmək olar.
     
    Belfast razılaşması nümunəsi 
     
    Bir çox məqamlara görə fərqli kontekst və tərkib olsa da, Belfast razılaşması sırf daxili qanunvericiliklə bağlı sülh prosesinə maneənin necə aradan qaldırılması baxımından maraqlıdır. 10 aprel razılaşmasına əsasən 22 may 1998-ci ildə İrlandiyada keçirilən referendumla 1937-ci ildə qəbul edilmiş konstitusiyanın 2 və 3-cü maddələri dəyişdirildi. Həmin maddələr İrlandiya dövləti qarşısında bütün adada vahid İrlandiya dövləti yaratmaq məqsədi qoyurdu. Belfast razılaşmasının 4-cü maddəsinə əsasən, bu razılaşma yalnız sazişə əlavə edilən sənəddə göstərilən Konstitusiyaya dəyişikliklə bağlı İrlandiyada referendum tələbi həyata keçirildikdən sonra 1999-cu il dekabrın 2-də qüvvəyə mindi. 
     
    Bizim kontekstimizdə Ermənistan Konstitusiyasına ediləcək dəyişiklik üçün referendumun keçirilməsi və sülh müqaviləsi imzalanandan sonra onun qüvvəyə minməsi razılaşma əsasında fərqli zaman intervallarında ola bilər. Bunun üçün isə Ermənistan Konstitusiyasından Qarabağın anneksiyası qərarının çıxarılmasının zəruriliyi əvvəlcə rəsmən qəbul edilməli, daha sonra isə hansısa sənəddə öz əksini tapmalıdır. Ola bilər ki, Belfast razılaşmasında olduğu kimi bu məsələ sülh müqaviləsinin mətninə salına və müqavilə imzalana bilər.
     
    Problem və nəticə 
     
    Belfast nümunəsi tətbiq olunarsa sülh müqaviləsi imzalanandan sonra onun qüvvəyə minməsi üçün məsuliyyət tam olaraq Paşinyan hökumətinin, erməni ictimaiyyətinin və bu ölkəni dəstəkləyənlərin üzərinə düşəcək. İlk növbədə Paşinyan hökuməti deyil, erməni cəmiyyəti İrlandiya xalqı kimi sülh müqaviləsinin qüvvəyə minməsi üçün referendumda qərar verməlidir. Digər tərəfdən Paşinyan hökumətinin üzvlərindən hər biri Konstitusiyadan müvafiq məqamların çıxarılmasında maraqlı olmalıdır. Belə ki, artıq revanşistlər Paşinyan hökumətini Ermənistan torpaqlarını Azərbaycana verərək Konstitusiya əleyhinə cinayətdə ittiham edirlər. Buna görə də, Paşinyan hökuməti Ermənistan Konstitusiyasından müvafiq məqamları çıxarmalıdır ki, gələcəkdə “Konstitusiya əleyhinə addımlarına” görə cinayət məsuliyyətinə cəlb edilə bilməsinlər.

    Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi