İçdiyim vaxtı özəl klinikaların birində qara ciyərimdən müalicə olunurdum. Həmin vaxt təxminən bir həftə sosial şəbəkələrdə olmadım. Onda adamlar status yazırdı ki, Kəramət hardadı, niyə görünmür? Bir qız da rəy yazmışdı ki, meyitini gətirib bizim klinikaya atıblar. İt günündədi. Sonra da mənim haqqımda təhqiramiz sözlər yazmışdı. Qız da həmin klinikada tibb bacısı işləyirdi. Yazısını skrin edib səhifələr paylaşdı. Mənim də xəbərim yox idi. Klinikadan da çıxıb evdə yatırdım. Feysə də girmirdim. Klinikanın baş həkimi mənə zəng elədi. Üzr istədi. Dedim, nəyə görə üzr istəyirsiz? Gördü ki, xəbərim yoxdu. Ətraflı danışdı. Bir də üzr istədi. Qızı da uzağı bir saata işdən qovacağını dedi. Baş həkimə dedim ki, əgər mənim sizin yanınızda bir qram hörmətiniz varsa, o qızla işiniz olmasın. Deyib, yaxşı eləyib. Baş həkim dirəşdi ki, yox, mümkün deyil. Dönə-dönə xahiş elədim ki, qovmayın.
Sağollaşandan bir saat sonra imzaladığı əmrin şəklini çəkib mənə göndərdi. Qıza şiddətli töhmət vermişdi və iki aylıq əmək haqqını kəsmişdi. Özüm qıza yazdım ki, xahiş edirəm, kartını göndər, kəsilmiş əmək haqqını göndərim. Nə demisənsə də yaxşı eləmisən. Nişanlısı ilə danışdıq. Yenə üzr istədilər.
Sözümün canı.
Efirdə aparıcı qız Çingiz Abdullayevin əsərinə zir-zibil deyib. Buna görə aparıcının əleyhinə nə qədər yazılar yazdırırlar. Bildiyimə görə hələ onun işdən qovdurmaq da istəyirlər.
Siz Allah, yazıçı da qisascıl olar? Yazıçı da intriqant olar? Deyib deyib də. Bununla sənin obrazın dağlırsa, imicin zədələnirsə, demək, o obraz düz-əməlli yazıçı obrazı deyil. Dünya ilə əlləşən adam da gedib onun haqqında nəsə deyən, yazan insanla dalaşar? Bu, yazıçı zehniyyəti deyil axı. Elə bil vorzakondular.
Bu qədər yaşayıblar. Yaddaşlarında da hələ nə qədər boş yer qalıb e. Deyilən, yazılan hər sözü elə qəşəng yadlarında saxlayırlar. Üstündən illər keçir, bir də gördün hardasa qabağına çıxıb deyirlər ki, sən o vaxtu mənim haqqumda bunu yazmuşdun. İndi yaxşu əlümə düşmüsən.