XƏBƏRLƏR / Hadisə

Korrupsiya araşdırmaçısı Gəncədə döyülüb

Hadisə Gəncədə Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə rəisinin kabinetində baş verib

Korrupsiya araşdırmaçısı Gəncədə döyülüb
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Martın 16-da axşam Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə şöbəsində, qurumun Gəncə Ərazi İdarəsinin kabinetində biznesmen, hüquq müdafiəçisi, Turan-da araşdırdığı korrupsiya halları haqqında çoxsaylı məqalələrin müəllifi Orxan İsmayılova qarşı təxribat törədilib.

    Rəisin kabinetində keçirilən torpaq sahələrinin satışı üzrə hərrac zamanı bir qrup veteran və müharibə əlili İsmayılova hücum edib. İsmayılova zərbələr endirilib, veteranlar onun torpaq sahələrinin dəyərini qəsdən artıraraq, onların torpaq almasına imkan vermədiyini deyiblər, bu barədə Turan-a Orxan İsmayılov özü bildirib.

    O, Baş Prokurorluğa və BP yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisinə, həmçinin iqtisadiyyat nazirinə və onun tabeliyində olan Dövlət Əmlak Məsələləri Xidmətinin rəisinə məktub göndərib.

    İsmayılov məktubda bildirir ki, Gəncənin Kəpəz və Nizami rayon bələdiyyələrinin torpaq satışı hərracında iştirak etmək istəyib. Kəpəz bələdiyyəsində ərizələrin tərtib edilməsi zamanı ona deyiblər ki, bütün torpaq sahələrinin sahibi var və onlarda ev tikilir. Bəs bu torpaq sahələri niyə hərraca çıxarılıb? Bu suala cavab olaraq ona deyilənləri təkrar ediblər və yazılanlara inanmamağı məsləhət görüblər.

    Dövlət Əmlak Məsələləri Xidmətinin Gəncə İdarəsində məsul şəxs də satışa çıxarılan bütün torpaq sahələrinin sahibi olduğunu, onların veteran və ya müharibə əlilləri olduğunu, hərracın formal olaraq keçirildiyini bildirib. Etimad adlı məsul şəxs İsmayılova müharibə iştirakçıları ilə problemləri olacağı barədə xəbərdarlıq edib.

    Martın 16-da saat 15-də İsmayılov xidmət rəisinin kabinetində müharibə iştirakçıları tərəfindən döyülüb və söyülüb, hərrac komissiyasının üzvləri səssiscə baş verənləri izləyiblər. Daha sonra xidmətin Etimad adlı işçisi də veteranlara qoşulub. Zorakılıq polis gələnə qədər davam edib, İsmayılov baş verənləri diktofona yazıb.

    O hesab edir ki, təxribat Dövlət Xidmətinin işçiləri Etimad və Tural tərəfindən təşkil edilib. Onlar "bu şəxs maklerdir, əlillərdən torpağı alır", deyə qışqırırdılar. Amma sonradan elə həmin veteranlar məsələni başa düşdükdən sonra Etimadın və Turalın onları aldatdığını, torpaqların özəlləşdirilməsi və ev tikmək hüququ üçün onlardan pul aldığını etiraf ediblər. Müharibə veteranları İsmayılovdan üzr istəyiblər.

    Həmin gün hərrac baş tutmayıb. İsmayılov prokurorluğa və nazirliyə torpaq hərracları zamanı qanunsuzluqları araşdırmaq və ona qarşı təxribatın təşkilatçılarını cəzalandırmaq xahişi ilə müraciət edib.

    İsmayılov Turan-la söhbətində bildirib ki, polis böölməsində İsmayılov tərəfindən kiçik xuliqanlıq törədilməsi haqqında protokol tərtib edilib, ondan 50 manat cərimə alınıb. İsmayılov həmçinin polisin onu məhkəmə vasitəsilə 15 gün həbs cəzasına məhkum etmək niyyəti olduğunu bildirib.

    DİN-in Gəncə Regional İctimaiyyətlə Əlaqələr Şöbəsindən Turan Agentliyinə bildiriblər ki, hadisə araşdırılır, araşdırmanın nəticəsi haqqında məlumat veriləcək.