XƏBƏRLƏR / İctimaiyyət

Kür çayında suyun səviyyəsi enir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bəyan edir

Kür çayında suyun səviyyəsi enir
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Mart ayının sonlarından etibarən respublikanın əksər bölgələrində müşahidə olunan intensiv yağıntılar nəticəsində transsərhəd və daxili çaylarda sululuq səviyyəsi artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnozlarına əsasən, Kür çayı üzərində yerləşən Şəmkir və Mingəçevir su anbarlarına may–iyun aylarında daxil olacaq su həcminin artacağı nəzərə alınaraq, aidiyyəti qurumlarla razılaşdırılmış şəkildə aprelin 13-dən Mingəçevir su anbarından Kür çayının aşağı axınına saniyədə 500 kubmetr, aprelin 17-dən isə 700 kubmetr su buraxılması qərara alınıb.

    Eyni zamanda Kür çayına sağ və sol qollarından qoşulan Ağstafaçay, Qarqarçay, Türyançay, Ağsuçay, Göyçay və Girdmançay vasitəsilə daxil olan suyun həcmi artıb. Yağıntılar səbəbindən nasos stansiyalarının fəaliyyətinə ehtiyac yaranmayıb. Nəticədə bəzi rayonların lokal ərazilərində çayın köməkçi bəndlərindən sızmalar qeydə alınıb, mühafizə zonasında yerləşən bir neçə yaşayış evinin həyətyanı sahələri və örüş torpaqları qismən su altında qalıb.

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, mövcud vəziyyət nəzərə alınaraq mümkün fəsadların qarşısının alınması məqsədilə Regional Su Meliorasiya Xidmətinin rəhbərliyi və mütəxəssisləri ərazilərə ezam olunub, aidiyyəti qurumlarla koordinasiyalı şəkildə qabaqlayıcı tədbirlər görülüb.

    Ölkədə su ehtiyatlarının səmərəli idarə olunması məqsədilə Prezidentin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın aprelin 23-də keçirilmiş iclasında Mingəçevir su anbarının iş rejiminə gündəlik nəzarətin gücləndirilməsi və həftəlik rejimlərin təsdiqi ilə Kür çayının aşağı axınına suyun buraxılması barədə qərar qəbul olunub.

    Aprelin 24-dən etibarən Kür çayında su səviyyəsinin tədricən azalması müşahidə olunur və müxtəlif ərazilərdə bu azalma 30–105 santimetr arasında dəyişir. Hazırda çay məcrası ilə suyun maneəsiz şəkildə Xəzər dənizinə axıdılması təmin edilir. Su basma riski ilə əlaqədar təhlükəsiz ərazilərə köçürülmüş nasos aqreqatları və avadanlıqlar yenidən quraşdırılır, su basmış sahələrdən suyun kənarlaşdırılması prosesi davam edir.

    Hazırda əhali normal təsərrüfat fəaliyyətini bərpa edir və görülən operativ tədbirlərə görə aidiyyəti qurumlara minnətdarlığını bildirir.