XƏBƏRLƏR / Mədəniyyət

Laçın Beynəlxalq Film Festivalı başlayıb

Festivala 47 ölkədən 300-ə yaxın film təqdim olunub

Laçın Beynəlxalq Film Festivalı başlayıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Laçın şəhərində Qarabağ və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalı – Laçın Beynəlxalq Film Festivalı (LIFF 2026) başlayıb.

    Festival avqustun 27-dək davam edəcək. Festival çərçivəsində dünyanın müxtəlif ölkələrindən seçilmiş filmlər nümayiş etdiriləcək, yerli və beynəlxalq kino mütəxəssislərinin iştirakı ilə panel müzakirələri və digər tədbirlər keçiriləcək.

    Festivala 47 ölkədən 300-ə yaxın film təqdim olunub. Beynəlxalq seçim mərhələsindən sonra 20 xarici və 18 Azərbaycan filmi olmaqla, ümumilikdə, 38 ekran əsəri əsas rəsmi seçim proqramına daxil edilib. Festivalda Türkiyə, Özbəkistan, İran, Rusiya, Qırğızıstan, Yunanıstan, Norveç, Fransa, Ukrayna, Pakistan və digər ölkələrdən kino xadimlərinin iştirakı gözlənilir.

    Filmlərin əsas nümayişləri 24–26 avqust tarixlərində Laçının kino məkanı olan “LaCinema” kinoteatrında keçiriləcək. Proqrama Azərbaycanla yanaşı, Almaniya, Polşa, Özbəkistan, İspaniya, Türkiyə, İndoneziya, Moldova, Yunanıstan, Serbiya, Ukrayna, Hindistan və digər ölkələrin filmləri daxil edilib.

    Rəsmi açılış mərasimi isə avqustun 25-də keçiriləcək.

    Həmin gün Azərbaycan–Türkiyə kino əməkdaşlığına həsr olunan panel müzakirəsi də keçiriləcək. Paneldə kino sahəsinin tanınmış mütəxəssisləri iştirak edərək birgə film istehsalı və yaradıcı əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.

    Festivalın bağlanış və mükafatlandırma mərasimi avqustun 26-da – Laçın Şəhəri Günündə keçiriləcək.