BLOQ

Laçında NBM və K.Kolonnanın regiona səfəri

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CSSC) şərhi

Laçında NBM və K.Kolonnanın regiona səfəri
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Laçında NBM və K.Kolonnanın regiona səfəri

    Fransanın xarici işlər naziri K.Kolonna 26-28 aprel tarixlərində regiona səfər edəcəkdir. Rəsmi məlumata əsasən, nazir “Laçın dəhlizi ilə hərəkətin dərhal bərpasına çağırış” edəcək. Fransanın hazırkı diplomatik aktivliyinin əsasında bir neçə mühüm faktor dayanır.

    Daxili siyasət

    Makronun pensiya islahatına qarşı çıxan müxalifət fraksiyaları iki dəfə hökümətə etimadsızlıq votuumu irəli sürsələr də, lazımi səs toplayıb hökuməti istefaya göndərə bilmədilər. İslahat Konstitusiya Şurası tərəfindən də təsdiqləndikdən sonra ölkəni kütləvi etirazlar bürüdü. İFOP İnstitutuna əsasən, martda Makronun reytinqi 28%-ə bərabər olmuşdur. Apreldə BVA tərəfindən keçirilən sorğu Makronun reytinqinin 26%-ə endiyini bildirdi, BFM-TV isə əhalinin 69%-nin Makronun ikinci dəfə seçilməsinin “ölkə üçün pis hadisə” hesab etdiyini qeyd etdi. Nəhəng “CGT Energie” həmkarlar ittifaqı öz növbəsində höküməti “Roland-Garros”, “Monaco Grand Prix” və Kann kinofestivalı kimi vacib tədbirlər zamanı işıqları söndürməklə hədələdi.

    Erməni diasporu

    Fransada 600 minlik erməni icmasının sıx yaşadığı əsas regionlar Paris (200 000), Lion (100 000) və Marseldir (80 000). Erməni diasporunun Fransa Beynəlxalq Münasibətlər İnstitutu, Strateji Tədqiqatlar Fondu, “Fukidid” mərkəzi, Paris Siyasi Tədqiqatlar İnstitutu, Fransa Geosiyasət İnstitutu kimi beyin mərkəzlərində və “Le Monde”, “Esprit”,  “L'Express”, “Politique americaine”, “Politique étrangère” kimi nüfuzlu qəzet/jurnallarda güclü təsirləri vardır. Beləliklə, Laçın yolunda NBM-in qurulması ilə bağlı Parisdən gələn yüksək bəyanatlar reytinqləri çox aşağı olan hökumətin erməni diasporu sayəsində siyasi mövqelərini qismən yaxşılaşdırmaq istəyi ilə əlaqəlidir. Makron anlayır ki, daxili siyasi böhran şəraitində Laçında NBM-in qurulmasına reaksiya verməmək Fransanın çox kompakt və siyasi aktiv erməni əhalisinin ona qarşı çevrilməsinə gətirə bilər. Reaksiyanın olmaması müxalifət partiyalarının aktivləşməsi və erməniləri öz tərəfinə çəkməsi ilə nəticələnə bilər.

    Xarici siyasət

    Makron Mali, Əlcəzair, Burkina Faso və Ukraynadakı diplomatik uğursuzluqlar zəncirini Ermənistanda qırmağa ümid edir. “GALLUP International Association” tərəfindən Ermənistanda keçirilən sorğu ermənilərin İrandan (40%) sonra ən çox hərbi-siyasi dəstəyi Fransadan (34,2%) gözlədiyini müəyyən etdi. Fransa bu göstərici ilə digər ölkələri xeyli üstələyir. Rusiya-Ermənistan problemləri fonunda yüksəkdən verilən bəyanatlar həm Fransanın Ermənistan daxilindəki mövqelərini gücləndirir, həm də Rusiyanın zəifləməsi ilə Ermənistanda yaranan etimad boşluğunun İran tərəfindən doldurulmasını qabaqlamış olur.

    Bakının mümkün cavabları

    Rəsmi Bakı sərhəddə nəzarət-buraxılış məntəqəsinin təsis edilməsini “ölkəmizin suveren və legitim hüququ” adlandırıb və Fransanı “prosesə maneçilik cəhdlərinə şərait yaratmamağa” çağırıb. Bundan qabaq isə Bakı Fransada əhalinin etirazlarına qarşı hüquq-mühafizə orqanlarının “həddindən artıq və qeyri-proporsional güc tətbiqini, qeyri-insani davranışları” pisləyib, rəsmi Parisi ölkədə fikir və sərbəst toplaşma azadlığı, dinc etiraz hüququ kimi konstitusion hüquqlara hörmət etməyə çağırmışdır. Beləliklə, Bakı K.Kolonnaya Azərbaycanın daxili işlərinə qarışmamağı, diqqət və resurslarını Fransada sabitlik və təhlükəsizliyin təmin edilməsinə yönəltməyi məsləhət görəcəkdir. Əgər bu arqumentlər “inandırıcı” olmasa, rəsmi Bakı Fransanın diqqətini Yeni Kaledoniya, Korsika və s. bu kimi regionlardakı insan haqqlarının vəziyyətinə yönləndirəcəkdir.

    Nəticə

    Ümumən götürdükdə, Makron/Kolonna Bakıya minnətdar olmalıdılar. Daxili-siyasi fokusdan baxdıqda Laçında NBM-in qurulması V.Pekress timsalında Makronun siyasi rəqiblərinin Qarabağa qanunsuz səfər edib, erməni seçicilərini öz tərəfinə çəkmək cəhdlərinin qarşısını almış olur. Xarici-siyasi fokusdan baxdıqda Qarabağ məsələsinin bitməsi Fransa hökümətini erməni diasporunun təsirindən xilas edib, xarici siyasəti daha praqmatik əsaslarda qurmağa və Rusiya/İranı Cənubi Qafqazdan sıxışdırmağa kömək edəcəkdir.