Lavrov: Paşinyan özü deyib ki, Qarabağ Azərbaycandır
Rusiyanın xarici işlər naziri bu gün ölkə mediasına müsahibə verib
“Ermənistanın özü hələ ki öz ərazisində KTMT-nin məsuliyyət zonasını müəyyən edə bilmir”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkə mediasına müsahibəsində deyib.
“Əlbəttə ki, KTMT Ermənistanda məsuliyyət zonasının harada olduğunu müəyyən edə bilməz, çünki Ermənistan özü hələ bunu müəyyənləşdirməyib. İrəvan bəyan etdi ki, Azərbaycanla birlikdə 1991-ci il sərhədlərinə - Alma-Ata Bəyannaməsinə hörmət etməyə hazırdırlar, yəni Qarabağ Azərbaycanın ərazisidir. Eyni zamanda delimitasiya komissiyası da yaratdılar. Hətta baş nazir Nikol Paşinyan bu yaxınlarda anklav olmayan dörd kəndi Azərbaycana təhvil verməyə hazır olduğunu açıqladı... Və Paşinyanın KTMT-dən təsdiqini və mühafizəsini istədiyi 1991-ci ilin sərhədləri burada nəzərə alınmır", - Lavrov bildirib.
Nazir vurğulayıb ki, KTMT-nin öz məsuliyyət sahəsini göstərmək öhdəliyindən yalnız Ermənistanın sərhədləri müəyyən edildikdən və delimitasiya başa çatdıqdan sonra danışmaq lazımdır.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün "Sputnik" (Marqarita Simonyan), "Komsomolskaya pravda" (Olesya Nosova) və "Qovorit Moskva" (Roman Babayan) radiostansiyalarına müsahibə verib.