XƏBƏRLƏR / Hadisə

Lənkəranda ağır qəzada 2 nəfər ölüb

YENİLƏNİB

Lənkəranda ağır qəzada 2 nəfər ölüb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 08:00

    Lənkəran- Astara magistral yolunun 154-cü kilometrliyində yol-nəqliyyat qəzası zamanı ölənlərin şəxsiyyəti müəyyənləşib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb edilib.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, "Mercedes Vito" markalı avtomobilin yük avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və 2 nəfər vətəndaşın deformasiyaya uğrayan avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

    Xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan 1961-ci il təvəllüdlü Ağayeva Gülnaz Yusub qızı və 1997-ci il təvəllüdlü Nəsirov Zaman Tərlan oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır

    ***

    00:22

    Sentyabrın 16-da saat 21:20 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində “Mercedes Vito” markalı mikroavtobusla "Dong Feng" markalı yük avtomobili toqquşub.

    DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, qəza nəticəsində mikroavtobusda olan 2 sərnişin həyatını itirib, 1 nəfər xəsarət alıb.

    Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

    Verilən məlumatda sürücülərdən yol və hava şəraitini, nəqliyyat vasitəsinin xüsusiyyətlərini nəzərə alaraq müəyyən edilmiş sürət həddinə ciddi riayət etmələri, qarşıdakı nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsi saxlamaları və ötmə manevrlərini yalnız tam təhlükəsiz şəraitdə həyata keçirmələri xahiş olunur.

    ***


    16 sentyabr 2026-cı il

    23:35

    Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Qəza Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində, yolun 155-ci kilometrliyində qeydə alınıb.

    Belə ki, Astara istiqamətində hərəkətdə olan “Mercedes Vito” markalı sərnişin avtomobili İran İslam Respublikasına gedən TIR markalı iritonnajlı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

    Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

    Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunublar. Avtomobildə sıxılıb qalan şəxslərin çıxarılması istiqamətində xilasetmə işləri aparılıb. Hadisə nəticəsində həyatını itirən şəxslərin meyitləri nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.