XƏBƏRLƏR / Hadisə

Lənkəranda maşın məktəbə gedən bacı-qardaşı vuraraq öldürüb

YENİLƏNİB

Lənkəranda maşın məktəbə gedən bacı-qardaşı vuraraq öldürüb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 11:43

    DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Lənkəran rayonunda məktəbli bacı-qardaşın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı müraciət edib.

     

    İdarədən verilən məlumatda bildirilib ki, bu faciə bir daha göstərir ki, yol hərəkəti qaydalarına əməl olunmaması ən ağır nəticələrə gətirib çıxarır:

    "Bir daha bütün sürücülərin diqqətinə çatdırırıq ki, yollarda — xüsusilə yaşayış məntəqələrində, məktəb və bağça ərazilərində hərəkət zamanı sürət həddi qanunvericiliyin tələblərinə uyğun seçilməli, məsuliyyətli davranılmalıdır.

    Piyadalara da xatırladılır ki, yalnız təyin olunmuş keçidlərdən istifadə etməli, hərəkətə başlamazdan əvvəl ətrafı diqqətlə müşahidə etməli və sürücülər üçün gözlənilməz vəziyyət yaratmamalıdırlar.

    Valideynlərdən xahiş olunur ki, uşaqların məktəbə gediş-gəlişlərini daim diqqətdə saxlasınlar, azyaşlı uşaqları yollarda nəzarətsiz qoymasınlar.

    Hər bir hərəkət iştirakçısı anlamalıdır ki, qaydalara əməl etməmək yalnız qanunun pozulması deyil, eyni zamanda insan həyatına birbaşa təhlükə yaratmaq deməkdir.

    Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, həm sürücülərin, həm də piyadaların məsuliyyətli davranışı yol-nəqliyyat hadisələrinin qarşısını almağın və insanların həyatını qorumağın əsas yoludur".

    ***

    11:16

    Lənkəranda məktəblilərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Lənkəran-Lerik magistralında Lənkəran rayonunun Şovu kəndində qeydə alınıb.

    Hərəkətdə olan "Mercedes" markalı nəqliyyat vasitəsi məktəbə gedən şagirdlər 2017-ci il təvəllüdlü Gülay Əlizadəni və onun qardaşı 2014-cü il təvəllüdlü Ramid Əliyevi vurub. Hər iki məktəbli ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Onları xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, hadisəni törədən "Mercedes" markalı nəqliyyat vasitəsi qəzadan sonra idarəetməni itirərək yol kənarına çıxıb.

    Faktla bağlı araşdırma aparılır.