Rusiya sülhməramlı qüvvələrinin yeni təyin olunmuş komandanı general-polkovnik Aleksandr Lentsov sabah Bakıya yola düşəcək.
Bu barədə erməni mənbələri xəbər yayıb.
Rusiyalı general mayın 1-də separatçıların başçısı Arayik Arutyunyan və qondarma "dövlət naziri" Qurgen Nersisyanla görüşdə Bakıya gedəcəyini bildirib.
Lentsov bir həftə ərzində Arutyunyanla iki dəfə görüşüb. Sonuncu görüş Rusiya sülhməramlılarının Qarabağda yerləşən qərargahında baş tutub.
Erməni KİV-lərinin yaydığı məlumata görə, rusiyalı general separatçıların lideri ilə danışarkən bütün sualların cavabının Bakıda olduğunu söyləyib. Lakin, o, Azərbaycanda hansı mövzular ətrafında müzakirələr aparacağını açıqlamayıb.
Bundan əvvəl Lentsovun mayın 3-də Bakıya səfər edəcəyi deyilirdi.
Qeyd edək ki, ötən həftə Ermənistanın müdafiə naziri Suren Papikyan Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı Aleksandr Lentsovla görüşüb. Nazir general-polkovniklə regiondakı əməliyyat vəziyyəti və problemləri müzakirə edib. Görüşdə sülhməramlıların rolunun səmərəliliyinin artırılmasından da danışılıb. Papikyan üçtərəfli bəyanatların yerinə yetirilməsi və Laçın dəhlizinin vacibliyini vurğulayıb.