Leyla Abdullayeva fransalı gənclərə Azərbaycan haqda danışıb
Azərbaycanın Fransadakı səfiri Beynəlxalq Münasibətlərin Öyrənilməsi İnstitutunun tələbələri ilə görüşüb FOTO
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Parisdə fəaliyyət göstərən Beynəlxalq Münasibətlərin Öyrənilməsi İnstitutunun (ISERI) tələbələri ilə görüşüb.
100-ə yaxın tələbənin iştirak etdiyi görüşdə səfir Azərbaycanın zəngin tarixi-mədəni irsindən, ölkəmizin xarici siyasətindən danışıb. O, mühüm geosiyasi mövqeyi ilə diqqət çəkən Azərbaycanın daim müstəqillik uğrunda mübarizə apardığını vurğulayaraq, ölkəmizin müsəlman Şərqində ilk demokratik və dünyəvi respublika olduğunu diqqətə çatdırıb.
Leyla Abdullayeva fransalı tələbələrə Azərbaycan torpaqlarının 30 ildir Ermənistan tərəfindən işğalı, Azərbaycanın münaqişənin sülh yolu ilə həlli istiqamətində göstərdiyi səylər, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, o cümlədən Fransa tərəfindən imzalanmış qətnamələr barədə məlumat verib.
Leyla Abdullayeva Azərbaycanı güc tətbiq edərək torpaqlarını azad etməyə məcbur edən Ermənistanın təxribatlarından danışıb. O, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun əzmkarlığı sayəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini, ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb. Bununla da ölkəmiz regionda yeni reallıqlar yaradıb.
Görüşdə səfir Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rola və ölkəmizin COP29-da sədrliyinə toxunub. Sonda Leyla Abdullayeva tələbələrin suallarını, o cümlədən təxribat xarakterli sualları ətraflı cavablandırıb.