Luis Bono gözlənilmədən Bakıya qayıdıb
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə müşaviri xarici işlər naziri Ceyhun Bayramovla görüşüb
Martın 10-da ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə müşaviri Luis Bono gözlənilmədən Bakıya qayıdıb və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
“Görüş zamanı Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti, Münhen təhlükəsizlik konfransı zamanı liderlər arasında keçirilmiş görüşdən irəli gələn məsələlər, Naxçıvana maneəsiz keçidi təmin edəcək kommunikasiyanın təmin edilməsi və delimitasiya prosesi üzrə cari vəziyyət və perspektivlər müzakirə olunub”, - Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Ceyhun Bayramov üçtərəfli bəyanat çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, mütəmadi hərbi təxribatlarını davam etdirdiyini diqqətə çatdırıb. Eyni zamanda, nazir Ermənistan sakinlərinin reinteqrasiyası ilə bağlı Bakının mövqeyi barədə məlumat verib.
Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Bono bazar ertəsi Bakıda olub və İrəvana gedib və orada Ermənistan rəhbərliyi ilə görüşlər keçirib.
Öz növbəsində "Turan" agentliyinin ABŞ-ın Bakıdakı səfirliyinə sorğusuna cavab olaraq diplomatik missiyanın nümayəndəsi bildirib: "O bu həftənin əvvəlində ölkədən kənarda olan xarici işlər naziri Bayramovla əlavə görüş üçün Bakıya qayıdıb.
Baş müşavir həm Yerevanda, həm də Bakıda sülh prosesini təşviq etmək üçün yüksək vəzifəli şəxslərlə görüşüb.
Hələ regionda olduğu müddətdə Bono xarici işlər naziri Bayramovla görüşmək imkanını yüksək qiymətləndirib.
Bono hər iki ölkədə mətbuat qarşısındakı çıxışlarında deyib ki, ABŞ davamlı sülhə nail olunmasında Azərbaycan və Ermənistana kömək etməyə çalışır"