Macarıstan İrəvana 10 milyon avro ayrılmasını əngəlləyir
Avropa İttifaqı Sülh Fondundan Ermənistana 10 milyon avronun ayrılmasına çalışır

Diplomatik mənbələrdən "Azatutyun"a verilən məlumata görə, Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri bu gün Lüksemburqda keçirilən görüşdən sonra Ermənistan-Azərbaycan münasibətlərini müzakirə ediblər.
Əsas müzakirə mövzularından biri ötən ay Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallasın Aİ Şurasına təqdim etdiyi Avropa İttifaqı Sülh Fondundan Ermənistana 10 milyon avronun ayrılması təklifi olub. "Azatutyun" mənbələri xəbər verir ki, Macarıstan altıncı həftədir veto hüququndan istifadə edərək bu qərarı əngəlləyir.
Ötən il Aİ Ermənistana Sülh Fondundan 10 milyon avro ayırmaq məsələsini müzakirə etməyə başlayanda Budapeşt də analoji addım atmışdı. Həmin vaxt Budapeşt Azərbaycanın proqrama daxil edilməsini tələb edirdi.
“Bugünkü danışıqlardan sonra hələlik heç bir irəliləyiş əldə olunmayıb”, "Azatutyun" mənbələri bildirib.