XƏBƏRLƏR / Münaqişə

Maduro ABŞ-ın XTQ-si tərəfindən ələ keçirilib VİDEO

YENİLƏNİB

Maduro ABŞ-ın XTQ-si tərəfindən ələ keçirilib VİDEO
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 20:10

    Nikolas Maduro və onun arvadının ələ keçirilməsi əməliyyatı zamanı ABŞ-a məxsus helikopter zədələnib, “Delta Force”un bir neçə hərbçisi yaralanıb.

    Bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bəyan edib. ABŞ lideri deyib ki, Maduro və həyat yoldaşı Nyu-Yorka aparılacaq, hazırda onlar ABŞ xüsusi təyinatlılarının çatdırdığı gəmidədirlər: “Ələ keçirmə əməliyyatı o qədər sürətli həyata keçirilib ki, Maduro qorunan “bunker”də gizlənməyə belə macal tapmayıb”.

    Trampın sözlərinə görə, ordu bir neçə gün gözləmə rejimində olub və Maduronun saxlanılması üçün ideal hava şəraitini gözləyib.

    “Komanda inanılmaz iş gördü. Yer üzündə belə bir əməliyyatı həyata keçirə biləcək başqa heç bir ölkə yoxdur”, - Tramp vurğulayıb.

    ABŞ Prezidenti əlavə edib ki, əməliyyatı Floridadakı Mar-a-Laqo iqamətgahından izləyib və Vaşinqton Venesuelaya qarşı ikinci zərbə dalğası da keçirə bilər, lakin hazırda buna ehtiyac yoxdur.

    ABŞ-ın bu əməliyyata görə Çinlə problem yaşamayacağını deyən Tramp, Pekinin “neft alacağını” qeyd edərək sözlərini yekunlaşdırıb.


    ***

    16:55

    Venesuela Prezidenti Nikolas Maduroya qarşı narkoterrorizm, kokain idxalı və silah saxlanması ittihamları irəli sürülüb.

    Bu barədə ABŞ-nin Baş prokuroru Pamela Bondi "X" sosial şəbəkəsində yazıb.

    Baş prokurorun sözlərinə görə, Nikolas Maduro və onun arvadı Siliya Flores Nyu-York ştatının Cənub bölgəsində ittiham olunublar.

    “Yaxın vaxtlarda onlar ABŞ hüquq-mühafizə orqanlarının tam sərtliyi ilə, ABŞ ərazisində və ABŞ məhkəmələrində üzləşəcəklər”, - o vurğulayıb.

    ***

    15:15

    Venesuela Prezidenti Nikolas Maduro və onun arvadı Siliya Floresi ABŞ-ın xüsusi təyinatlı “Delta Force” birliyi ələ keçirib.

    Bu barədə “CBS News” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

    Məlumata görə, əməliyyat zamanı ABŞ hərbçiləri arasında itki olmayıb. Venesuela tərəfindən də itkilərlə bağlı açıqlama verilməyib.

    O da bildirlir ki, Maduro hazırda ABŞ-da nəzarət altındadır və cinayət ittihamları ilə məhkəmə qarşısına çıxarılacaq.

    ***