Malidə qızıl mədənində tunel çökdü: azı 70 ölü VİDEO
Mali Afrikanın üçüncü ən böyük qızıl istehsalçısıdır
Malinin cənub-qərbindəki qızıl mədənində tunelin çökməsi nəticəsində azı 70 nəfər həlak olub.
Xarici KİV xəbər verir ki, Malinin Milli Geologiya və Mədən Müdirliyinin rəsmisi Karim Berte paytaxt Bamakoda jurnalistlərə qəzanın Kolikouro bölgəsindəki Kobadani şəhərində yerləşən qızıl mədənində baş verdiyini bildirib. O əlavə edib ki, insidentin səbəblərini müəyyən etmək üçün araşdırma başlayıb.
Məlumatda bildirilir ki, qəza baş verən zaman qızıl mədənində təxminən 200 mədənçi olub. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, mədən adətən yağışlı mövsümdə ehtimal olunan risklərə görə hökumət tərəfindən bağlanır.
Mali Afrikanın üçüncü ən böyük qızıl istehsalçısıdır və milli büdcəyə təxminən 25 faiz gəlir məhz bu mədənlərdən daxil olur. Amma təhlükəsizlik tədbirlərinə məhəl qoymayan kustar mədənlərdə, xüsusən də ucqar ərazilərdə tez-tez faciə ilə nəticələnən qəzalar baş verir.