XƏBƏRLƏR / Hadisə

Qadın özünü prokurorluğun binasından atdı

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib

Qadın özünü prokurorluğun binasından atdı
Turalə Aslanova
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Dünən axşam Mingəçevir Şəhər Prokurorluğundan özünü ataraq intihar edən 32 yaşlı Turalə Aslanovanın keçmiş polis əməkdaşı olması müəyyənləşib. Belə ki, xeyli müddət DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Gəncə Şəhər Şöbəsində işləyən T.Aslanova dələduzluq əməlləri ilə bağlı şikayətlər daxil olandan sonra tutduğu vəzifədən və polis sıralarından uzaqlaşdırılıb.

    Həmçinin məlum olub ki, o, bir neçə şəxsdən iş qurmaq və əlavə pul qazanmaq vədi ilə ümumilikdə 413 min manat məbləğində pul alıb.
    T.Aslanovanın vəkili Emin Kiçibəyov bildirib ki, o, qəfil şəkildə özünü binadan atıb: “İki aya yaxın idi ki, onunla müqavilə bağlamışdım. Bu işdə Turalə özü də zərərçəkmiş olduğunu bildirirdi. Pulları kimlərdənsə alıb kimlərəsə vermişdi".

    ***

    Mingəçevirdə dələduzluqda şübhəli bilinən qadın özünü prokurorluğun binasından yerə atıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

    İyulun 19-da Mingəçevir şəhər prokurorluğunda bir neçə şəxsin ümumilikdə 413 min manat məbləğində pul vəsaitinin ələ keçirilməsi faktı üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə (külli miqdarda dələduzluq) istintaq edilən cinayət işi üzrə 1991-ci il təvəllüdlü Aslanova Turalə Natiq qızı müqavilə əsasında xidmət göstərən vəkili Kiçikbəyov Emin Atabəy oğlunun iştirakı ilə dindirilməsi üçün şəhər prokurorluğuna dəvət edilib.

    İstintaq hərəkətinin gedişində Turalə Aslanova şəhər prokurorluğunun inzibati binasının 2-ci mərtəbəsində yerləşən dindirmə otağının pəncərəsindən özünü yerə atıb və nəticədə ağır xəsarət alıb.

    T.Aslanova dərhal Mingəçevir Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Təcili tibbi yardım şöbəsinə çatdırılıb, lakin ixtisaslaşdırılmış həkimlər tərəfindən göstərilən bütün tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Hadisə ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır.