BLOQ

“Məmməd Əmin” yazanlara cavabım

Araşdırma

“Məmməd Əmin” yazanlara cavabım
Məhəmməd Əmin Rəsulzadə
  • Oxuma müddəti:

    8 dəqiqə

  • Sovetlər Birliyinin son illərindən başlayaraq (1988-ci illərdən) Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin fəaliyyəti ilə bağlı yazılar Azərbaycan mətbuatında çap edilməyə başladı. Bu yazılarda M.Ə.Rəsulzadənin adı “Məmməd” olaraq qeyd edilirdi. Sovet dönəmində  bu “ruslaşmış” adın belə yazılışı o qədər də narahatçılıq yaratmır və çox da diqqəti cəlb etmirdi. Başqa bir rejim, başqa bir quruluş, başqa bir ideologiya və s.

    Yəni, o dövrdə biz tədqiqatçıların da ilk yazılarında və kitablarında belə təqdimatlar vardı. Lakin zaman keçdi, Azərbaycan müstəqil oldu, cəmiyyətdə milli özünüdərk prosesi genişləndi. Tədricən “sovetləşmək” və “ruslaşmaq” təsirindən xilas olduqca şəxsiyyətlərimizin adlarının təhrif olunduğunu gördük, zaman keçdikcə bu qüsurlardan uzaqlaşmağa çalışdıq. Yəni, 1991-cı ildən, Azərbaycan müstəqillik qazandıqdan sonra bu qüsurları aradan qaldırmağa cəhdlər etdik. Rusların “mamed” sözünün qısa çevrimi kimi yazılan “Məmməd” sözünü “Məhəmməd” kimi yazmağa başladıq.
     
    Qeyd edim ki, bu mövzuda yazdığım dissertsiya işinin müdafiəsi akademiyanın Tarix institutunda   2001-ci ildə böyük çətinliklə, altı saatdan çox çəkən müdafiə prosesində uğurla başa çatdı. Azərbaycanda M.Ə.Rəsulzadənin siyasi fəaliyyəti ilə bağlı olan ilk dissertasiya işinin müdafiə və təsdiqi olunması əslində  görkəmli şəxsiyyətin  siyasi mövqeyinə qarşı olan tərəddüdlü yanaşmalara da son qoydu, bəzi mübahisəli məsələlərə isə aydınlıq gətirildi.Eyni müəllifin doktorluq dissertasiyasında da ad “Məhəmməd”  olaraq qeyd edilib və s.
     
    2013-cü ildə nəşr etdirdiyim “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası”nda da “Məhəmməd” yazılıb. Mərhum professor Şirməmməd Hüseynov da bu adı sonrakı araşdırmalarında "Məhəmməd” olaraq qeyd edib.
     
    Bəs bu problemi necə həll etdik? Əvvəlcə ərəbşünas alimlərlə məsləhətləşdik.Yadımdadır ki, tanınmış ərəbşünas alim akademik Vasim Məmmədəliyevlə yetərincə məsləhətləşmələrimiz olmuşdu (onunla şəxsi dostluq münasibətlərimiz vardı).
     
    Qeyd edim ki, görkəmli ərəbşünas alim V.Məmmədəliyev Ali Attestasiya komissiyasında da çalışırdı və mənim namizədlik dissertasiyamın təsdiqinə dəstək vermiş, eləcə də həmin elmi araşdırmada “Məhəmməd” yazılışının düzgün olduğunu israrla müdafiə etmişdi.
     
    Akademik V.Məmmədəliyev akademik Ziya Bünyadovla birgə “Qurani-Kərimi” ilk dəfə hələ Sovetlər Birliyi dövründə ərəb dilindən Azərbaycan dilinə tərcümə etmişdi.
     
    Sonradan biz ərəb və fars sözləri lüğətindən də faydalandıq, müvafiq arxiv materiallarını araşdırdıq. Məlum oldu ki, Çar Rusiyasının Azərbaycanı işğalına qədər (1812-ci ildə “Gülüstan, 1828-ci ildə isə “Türkmənçay” müqavilələri) bizim yazılışlarda “Məmməd” olaraq ad  yoxdur. Bu adı yuxarıda qeyd etdiyim kimi, ruslar “mamedləşdiriblər”. Bu ad “Məhəmməddir”, yəni diqqət etsəniz, peyğəmbərimizin də adı belədir. Bu ərəb mənşəli sözdür və sözün kökü “həmd”dir. ”Həmd” sözündən törəmə adlar yaranıb - Məhəmməd, Həmid və s. Ərəblər isə bu sözü çox zaman “Muhəmməd, Muhammad” olaraq yazır və tələffüz edirlər. Türklərdə “Məhəmməd Əmin Yurdaqul” olaraq tanınan böyük şair də vardır. Türklər isə bu sözü bəzən “Mehmet” olaraq yazır, məsələn, “Mehmet Akif Ərsoy” (“İstiqlal” marşının müəllifi).
     
    Qeyd edək ki, “Məhəmməd” adı Quranda dörd dəfə keçir və “seçilmiş, tərifəlayiq,tərifli, yüksək təqdir olunmuş”” mənasına gəlir.
     
    Bəs “Əmin” necə yazılır? Bəziləri yanlışlıq edib belə yazır: ”Məmmədəmin”. Bu sözlər bitişik yazılmır. “Əmin” ayrı yazılır və bu köməkçi sözdür. Mənası, “doğru, düzgün, inanılmış” deməkdir. Yəni “doğru Məhəmməd, düzgün Məhəmməd, inanılmış Məhəmməd”. Bu müraciətləri o dövrdə hələ sağlığında peyğəmbərimizə ünvanlayırdılar.
     
    Bəs “Rəsulzadə” olaraq yazdığımız “Rəsul” sözünün mənası necədir? Bu sözün mənası “elçi, səfir, peyğəmbərə istinad edilərək Allahın elçisi” olaraq anlaşılır.
     
    M.Ə.Rəsulzadənin atası Bakının axundu idi və sayğılı bir din xadimi kimi tanınırdı. Oğlunun adını da peyğəmbərimizin şərəfinə “Məhəmməd Əmin Rəsulzadə” yazdırmışdı. Yəni, “Həmd olmuş, tərifə layiq, düzgün və Allahın elçisi”. Əlavə edim ki, “Rəsul” həm də M.Ə.Rəsulzadənin babasının adıdır. Bu faktı təsdiqləyən isə o dövrün siyahıyaalınma sənədidir. M.Ə.Rəsulzadənin babası olan Rəsulun adına (əsl adı Məhəmmədrəsuldur). ilk olaraq Çar Rusiyası Azərbaycanı işğal etdikdən sonra 1813-1816-cı illərdə Bakıda aparılan ilk siyahıyaalma prosesində rast gəlirik.
     
    M.Ə.Rəsulzadənin rəsmi sənədlərində də (Azərbaycana aid sənədlərdə) “Məhəmməd” yazılır. Onun ilk yazıları 1903-cü ildən başlyaraq “Şərq Rus” qəzetində nəşr edilib və bu məqalələrdə “Məhəmməd” yazılıb (Bax: “Şərqi Rus” qəzeti, 1903, N14,  N19, N20). Sonradan onun “İrşad”, “Tərəqqi”, “İqbal”,  “Yeni İqbal”, “Açıq Söz” qəzetlərindəki yazılarında da imza “Məhəmməd” olaraq qeyd edilib.
     
    Bəzi tədqiqatçıları ehtimal ki, çaşdıran onun mühacirətədə olduğu dövrdə müxtəlif imzalardan istifadə etməsidir. Mühacirətin ağır şərtləri daxilində bu mümkündür. Lakin əsas olan rəsmi sənədlərdir ki, burada “Məhəmməd” yazılıb.
     
    Qeyd edim ki, Cümhuriyyətimizin Baş naziri Nəsib bəy Yusifbəylinin familiyası uzun müddət “ruslaşmış” formada “Usubbəyov”(“Usubbekov”) yazılırdı. Yaxşı ki, bu qüsur da tədricən aradan qalxmaqdadır.
     
    Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya  Komissiyasının qərarına görə, Azərbaycanda “Mamed” və “Məmməd” adlarının vahid forması kimi “Məhəmməd” adı müəyyən olunub.
     
    Düşünürəm ki, bu yazımı dəyərli araşdırmaçı dostlarımız anlaşılan məzmunda qəbul edəcək və bunun tarixi şəxsiyyətlərimizə, xüsusən ilk demokratik dövlət, Cümhuriyyət yaratmış insanlarımıza sayğılı yanaşmağın vacibliyindən olan mövqe kimi qarşılayaqcaqlar. Bu həm də belə mövzularda gələcəkdə araşdırmalar aparacaq gənc tədqiqatçılarımız üçün faydalı  təklifdir.