Bir yalanın izi ilə və ya Annalena Berbokun Bakı səfəri
Alman naziri Bakıda Ermənistandan olan qaçqınlarla görüş keçirdiyini 2 dəfə dilə gətirib
Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycana səfəri zamanı XİN-də mətbuat konfransında yalan açıqlama ilə çıxış edib.
Xanım nazir Ermənistanda Qarabağdan könüllü köçmüş ermənilərlə görüşdüyü təqdirdə, Azərbaycana səfəri zamanı azərbaycanlı köçkün və qaçqınlarla görüşüb-görüşmədiyi barədə suala yanlış və yalan dolu cavab verməklə kifayətlənib.
Alman nazir əvvəlcə suala cavab verərkən Qarabağdan Ermənistana getmiş ermənilərlə görüşünü uzun-uzadı təsvir edib, Azərbaycanın xarici işlər nazirinin sualın mahiyyətini xatırlatmasından sonra isə Bakıda Ermənistandan köçmüş şəxslərlə görüş keçirdiyini israr edib.
Məlum olub ki, Almaniyanın xarici işlər naziri Bakının "Mənzərə" restoranında vətəndaş cəmiyyətinin bəzi nümayəndələri ilə görüşünə istinad edirmiş. Görüşdə hüquq müdafiəçisi Rüfət Səfərov, vəkillər Zibeydə Sadıqova və Elçin Sadıqov iştirak ediblər.
Elçin Sadıqov ANS Press-ə bildirib ki, həmin görüşdə Berbokun Azərbaycanda insan haqlarının vəziyyəti – sərbəst toplaşma, söz azadlığı və sair suallarını cavablandırılbar.
Rüfət Səfərov isə xanım Berbokla hüquq müdafiəçisi kimi görüşüb. Baxmayaraq ki, Rüfət Səfərov Qərbi Azərbaycanda doğulub və 7 yaşında valideynləri ilə birlikdə Ermənistandan qovulub.
(Rüfət Səfərovun atası Eldar Sabiroğlu da Qərbi Azərbaycanın Zəngibasar mahalındandır. Eldar Sabiroğlu 2007-2013-cü illərdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olub. Oğlu Rüfət Səfərov isə Zərdab Rayon Prokurorluğunun müstəntiqi idi və 2015-ci ildə istefa vermişdi)
Rüfət Səfərov Annalena Berbokla Azərbaycanın hərbi-siyasi vəziyyətini müzakirə edib. ANS-Press-ə müsahibəsində R.Səfərov bildirib ki, Azərbaycanın haqlı antiterror əməliyyatı barədə danışıb. “O cümlədən, 1988-ci ildə qohum-əqrabasının da Qərbi Azərbaycandan qaçqın düşməyinə baxmayaraq, Azərbaycan dövlətinin dediklərini qəbul etdikləri təqdirdə bir yerdə yaşamağa razılığımı da dedim”.
Həmin görüşdə Rüfət Səfərov mina problemi ilə də bağlı danışıb.
Lakin, Səfərovun sözlərinə görə, Qərbi Azərbaycandan olan qaçqın azərbaycanlıların doğma yurdlarına - Ermənistana qayıtması məsələsi müzakirə olunmayıb.